Şou biznes
Amerikalı aktyor təqaüdçüləri aldatmaqda ittiham olunur
Amerikalı aktyor və müğənni Erik fon Detten yaşlı insanlara qarşı dələduzluq və qəddar rəftar etməkdə ittiham olunur. Məhkəmə sənədlərinə əsasən, 85 yaşlı Şeyla və 97 yaşlı Norman Qrinberq cütlüyü aktyora və "Rosland Capital" şirkətinə qarşı iddia qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Qrinberqlər iddia edirlər ki, qiymətli metalların alışı və satışı ilə məşğul olan "Rosland Capital" şirkəti yaşlı insanları hədəf alır və onların həssas vəziyyətindən istifadə etməyə çalışır. Cütlüyün sözlərinə görə, onlar 2020-ci ildə şirkətin reklamını gördükdən sonra zəng edərək Erik fon Dettenlə əlaqə saxlayıblar. Həyat yoldaşları aktyora qızıl bazarı haqqında az məlumatlarının olduğunu, lakin bu sahəyə təxminən iki milyon dollar investisiya yatırmağa hazır olduqlarını bildiriblər. Qrinberqlərin iddiasına görə, fon Detten onlara kömək edə biləcəyini deyib. Cütlük əvvəlcə təxminən bir milyon dollar dəyərində qızıl sikkələr alıb. Daha sonra sikkələr anbara göndərilib. Qrinberqlər iddia edirlər ki, ümumilikdə 2.1 milyon dollar sərmayə qoymalarına baxmayaraq, aldıqları sikkələrin ümumi dəyəri cəmi 1.3 milyon dollar olub. Cütlük dəymiş zərərin ödənilməsini və əlavə cərimələrin tətbiq edilməsini tələb edir. "Rosland Capital" şirkəti isə iddia qaldırıldıqdan bir neçə ay sonra müflis olduğunu elan edib.
Mənbə
oxu.az