İdman
Şahruddin "Neftçi" ilə oyundan danışdı: İngiltərə çempionatını misal çəkdi
"Bu gün yaxşı oyun nümayiş etdirən "Neftçi"yə qarşı mübarizədən xalla ayrıldıq. Şükürlər olsun ki, məğlub olmadıq və bir xal qazandıq. Buna görə sevincliyik. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik". Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının VIII turunda "Neftçi" ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qapıçı 1:3 hesabı ilə geridə olduqları vaxt belə oyunun nəticəsini dəyişə biləcəklərinə inandıqlarını bildirib: "Əlbəttə, inanırdıq. Komandamızda çox yaxşı futbolçular var. Bir qədər də bəxtimiz gətirdi və hesabı bərabərləşdirə bildik". Şahruddin Məhəmmədəliyev çempionatda rəqabətin getdikcə çətinləşdiyini də qeyd edib. Onun sözlərinə görə, komandaların heyətində legionerlərin çox olması yerli futbolçuların oyun praktikasına təsir göstərir: "Hazırda çempionatda vəziyyət bir qədər çətindir. Görürsünüz ki, komandalar 11 legionerlə oynaya bilirlər. Dünyada da vəziyyət belədir. İngiltərə çempionatına baxsanız, orada da çoxlu əcnəbi futbolçu var. Məncə, bəzi azərbaycanlı futbolçular 100 faiz əcnəbi oyunçulardan daha güclüdürlər. "Neftçi"nin heyətində də legionerlər çoxdur və əsasən onlar oynayırlar. Yerli futbolçulardan Emin Mahmudov, Rüfət Abbasov, Emil Səfərov və Elvin Bədəlov meydana çıxırlar. Buna görə də hazırda çempionatda mübarizə aparmaq bir qədər çətindir". Qeyd edək ki, heç-heçədən sonra "Neftçi" 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik "Qarabağ" isə üçüncü yerdədir.
Mənbə
oxu.az