Dünya
Mariya Zaxarova azərbaycanəsilli reperin Qazaxıstanda həbs olunmasından danışdı
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanəsilli rusiyalı repçi Navainin (Nəvai Bəkirov) Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılmasına Rusiyanın diplomatik nümayəndələrinin reaksiyasını şərh edib. O bildirib ki, konsulluq əməkdaşları istənilən vəziyyətdə xaricdə olan Rusiya vətəndaşlarının hüquqlarını qorumağa borcludurlar. Oxu.Az xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. Bəkirovun saxlanılmasından sonra Rusiyanın Almatıdakı Baş Konsulluğu Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib. Bu addım ictimaiyyətin, xüsusilə də belə bir vəziyyətdə sənətçiyə diplomatik dəstək göstərilməsinin vacibliyini şübhə altına alan aktrisa Yana Poplavskayanın tənqidinə səbəb olub. "Mən Rusiya vətəndaşı ilə bağlı bu konkret hadisəni burada müzakirə etməyəcəyəm. Konsulluq əməkdaşlarımız xaricdəki həmvətənlərimizin hərəkətlərinə hüquqi qiymət vermək və ya istintaq aparmaq üçün vəkil və ya müstəntiq deyillər. Onlar hər zaman və hər yerdə xaricdə çətin vəziyyətə düşən bütün Rusiya vətəndaşlarını müdafiə etməyə borcludurlar. Kimin çətinliyə düşməsindən asılı olmayaraq, diplomatlarımız həmişə köməyə gələcəklər. Qanun belədir!" - deyə XİN nümayəndəsi bildirib. Zaxarova vurğulayıb ki, Navainin saxlanılması ilə əlaqədar Qazaxıstan tərəfinə notanın göndərilməsi standart prosedurdur və ev sahibi ölkənin rəsmiləri ilə diplomatik yazışmaların əsas elementlərindən biridir. Onun sözlərinə görə, həbsxanada və cəzaçəkmə müəssisələrində olan həmvətənlərə konsulluq dəstəyi göstərilməsi cəmiyyət qarşısında mühüm və məsuliyyətli xidmətdir. Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Navainin olduğu avtomobildə narkotik vasitə aşkar ediblər. Müvəqqəti saxlama təcridxanasında saxlanılan sənətçi barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az