Siyasət
Deputat: "Ermənistanın sabiq prezidentləri Azərbaycanda mühakimə olunmalıdırlar"
"Bölgəmizdə sülh Azərbaycanın qətiyyəti nəticəsində təmin edilib və hazırda onun zəmanətçisi də bizik". Bunu deputat Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında deyib. O qeyd edib ki, Ermənistanın üç prezidenti və müharibəyə səbəb olan digər şəxslər regionumuzda törədilən müharibəyə və yüz minlərlə insanın faciə yaşamasına görə məsuliyyət daşıyırlar: "Həmin şəxslər məhkəmə qarşısında cavab verməli və cəzalarını almalıdırlar. Fərqi yoxdur, hansı ölkənin məhkəməsi qarşısında, amma daha ədalətli olar ki, onlar Azərbaycanda mühakimə olunsunlar. Onların bu dünyadan cəzalarını almadan getməməlidirlər. Bu kəslər gələcək nəsillər tərəfindən də mütləq lənətlənəcəklər: müharibə törətdiklərinə, bölgənin inkişafdan saxlanmasına, milyonlarla insanın ailəsinə bədbəxtlik gətirdiklərinə görə. Bu, mütləq baş verməlidir". Deputat vurğulayıb ki, Qarabağdakı separatçı rejimin rəhbərləri də Bakı məhkəməsinin nəticəsində layiqli cəzalarını çəkirlər. A.Mirzəzadə Prezident İlham Əliyevin Ermənistanın indiki rəhbərliyinə dair fikirlərinin tam obyektiv olduğunu bildirib: "2018-2020-ci illərdə Ermənistan rəhbərliyi işğal olunmuş əraziləri öz ərazisi elan edir və sonradan da həmin torpaqlarımız üzərində nəzarəti saxlamağa çalışırdı. Düzdür, Azərbaycanın qətiyyəti, gücü onları fikirlərini dəyişməyə məcbur etdi. Hesab edirəm ki, bu, eyni zamanda indiki və sonrakı hakimiyyətlərə xatırlatmadır. Heç bir Ermənistan hakimiyyəti Azərbaycana qarşı aqressiv siyasət yeritməyə çalışmasın. Bunun axırı yoxdur. Azərbaycan buna cavab verməyə hazırdır. Burada zərər çəkən ilk növbədə Ermənistanın özü olacaq". A.Mirzəzadə beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Ermənistanı işğalçı dövlət kimi tanımadıqlarını və ona qarşı mümkün sanksiyalar tətbiq etmədiklərini söyləyib. O qeyd edib ki, bu qurumlar Azərbaycanı və Ermənistanı eyni müstəvidə qiymətləndiriblər və bu yanaşma işğalın 30 ildən çox davam etməsinə səbəb olub. Deputatın fikrincə, Azərbaycan heç bir dəstək olmadan özünün böyük problemini həll edib. O bildirib ki, Azərbaycan işğalçılara qarşı hərbi əməliyyatlar aparsa da, dinc sakinləri hədəf almayıb, mülki obyektlərə zərər vurmayıb və vətəndaşlara qarşı cinayətlər törətməyib. Aydın Mirzəzadə əlavə edib ki, işğaldan azad edilən ərazilərdə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etmək və ölkə qanunlarına tabe olmaq təklif olunub. Onun sözlərinə görə, onlara bərabər hüquqlara sahib olmaq, öz mədəniyyətlərini, dillərini və dinlərini qorumaq, bələdiyyələrdə fəaliyyət göstərmək imkanları təqdim edilib. Deputat bildirib ki, ilkin vaxtlarda ermənilərin bir qismi ərazidə qalıb, digər qismi isə oranı tərk edib. O, ərazini könüllü tərk edən insanlara, o cümlədən uşaqlara qarşı Azərbaycan dövlətinin humanist münasibət göstərdiyini vurğulayıb. A.Mirzəzadə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalıya gecə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, onların 63-nün uşaq olduğunu xatırladıb. Deputatın sözlərinə görə, bu faciə Ermənistan millətçilərinin, o dövrün siyasətçilərinin və Ermənistan silahlı qüvvələrinin üzərində qara ləkə kimi qalacaq: "Beynəlxalq təşkilatlar Azərbaycanın ərazilərinin işğalına son qoyulması ilə bağlı bir sıra qərarlar qəbul etsələr də, onların icrası üçün addımlar atmayıblar. ATƏT-in Minsk qrupu Azərbaycanı reallığı qəbul etməyə və Ermənistana güzəştə getməyə çağırırdı, lakin Azərbaycan bununla razılaşmayıb. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və milli maraqları məsələsində qəti mövqe, iradə ortaya qoydu və bunu hər şeydən üstün tutdu. Prezidentimiz beynəlxalq hüququ həmişə fəaliyyətində əsas götürüb. Azərbaycan həqiqətləri qalib gəldi. Çünki bu, xalqın tarixinə, xalqın hüququna söykənir", - deyə A.Mirzəzadə bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər