Dünya
"Volkswagen"də alışma riski: Şirkət minlərlə elektromobilini geri çağırır
Almaniyanın "Volkswagen" avtomobil konserni batareyalardakı nasazlığa görə dünya üzrə minlərlə elektromobilini geri çağıracaq. Bəzi hallarda bu qüsur avtomobillərin alışmasına səbəb ola bilər. Oxu.Az xəbər verir ki, şirkət nümayəndələri bu barədə "Handelsblatt" nəşrinin sorğusuna cavab olaraq məlumat veriblər. Daxili keyfiyyət yoxlamalarının nəticələrinə əsasən, ID ailəsinə məxsus bəzi nəqliyyat vasitələrindəki yüksəkgərginlikli akkumulyator elementləri standartlara cavab vermir. Qüsurun tədarükçü şirkətin istehsal səhvləri ilə əlaqədar olduğu bildirilir. "Volkswagen"dən verilən məlumata görə, nadir hallarda bu problem batareyaların həddindən artıq qızması ilə nəticələnə bilər ki, ən pis ssenaridə alışma baş verə bilər. Şirkət konkret hansı modellərin bu problemdən təsirləndiyini açıqlamayıb. Lakin nəşrin məlumatına görə, söhbət 2023-2025-ci illərin müəyyən dövrlərində istehsal edilmiş "ID.3", "ID.4", "ID.7" və "ID. Buzz" elektromobillərindən, eləcə də "Cupra Born" modelindən gedir. Qüsurlu maşınların dəqiq sayı hələlik məlum deyil. Bununla yanaşı, ABŞ rəsmilərinin məlumatına əsasən, Birləşmiş Ştatlarda 22 mindən çox "ID.4" avtomobili geri çağırılmalıdır. Artıq Böyük Britaniyada bu prosesə başlanılıb, Almaniya və digər dövlətlərdə isə yaxın vaxtlarda analoji kampaniyanın həyata keçirilməsi planlaşdırılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər