Siyasət

Hikmət Babaoğlu: "İlham Əliyev AQEM-də Paşinyanla bağlı mühüm mesaj verdi"

16 Oct 2026, 15:46 1 baxış
Hikmət Babaoğlu: "İlham Əliyev AQEM-də Paşinyanla bağlı mühüm mesaj verdi"
"Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında Ermənistan-Azərbaycan münasibətlərinə, müharibə mərhələsinə, onun keçmişinə, əldə edilən tarixi zəfərə və sülh mərhələsinə qədər ayrı-ayrı mərhələlərə toxunaraq qiymətləndirmə aparıb". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışını şərh edərkən deyib. H.Babaoğlunun sözlərinə görə, dövlət başçısı ilk növbədə Azərbaycan xalqının mənəvi və humanist dəyərlərinə, ədalət duyğusuna, eyni zamanda, mətanətinə və özünəinamına diqqət çəkib. Prezident 30 illik işğaldan sonra məhz bu keyfiyyətlər əsasında formalaşan milli gücümüz vasitəsilə Qarabağın işğaldan azad edildiyini vurğulayıb. Deputat qeyd edib ki, bu, yalnız dünya ictimaiyyətinə Azərbaycan xalqının mədəni-mənəvi keyfiyyətlərinin təqdimatı deyil, həm də Azərbaycan gəncləri üçün yeni çağırışdır. O bildirib ki, Azərbaycan Prezidenti bu gün sülh tərəfdarı kimi görünən Paşinyanın 2018-ci ildə də eyni separatçı və terrorçu zehniyyətin daşıyıcısı olduğuna diqqət çəkməklə mühüm mesaj verib: "Paşinyan əgər bu gün sülh libası geyinibsə, bunu ona geyindirən olub, öz xoşuna geyinməyib. Paşinyanı sülh çağırışına çevirən Azərbaycanın gücüdür". H.Babaoğlu hesab edir ki, bu fikir həm milli yaddaşımız, həm də erməni psixologiyasının dünyaya təqdim edilməsi baxımından olduqca əhəmiyyətlidir. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti Ermənistanın işğal dövründə arxasında duran qüvvələrə də diqqət çəkib, Avropa Şurası və Avropa Parlamentini anaxronizm və atavizmin nümunəsi kimi göstərib. Onun fikrincə, bu amillər problemin həllinə mane olan məqamlar kimi təqdim edilib. H.Babaoğlu Azərbaycana münasibətdə erməni faşizminin mövcudluğunu vurğulayıb. Deputat bildirib ki, dövlət başçısı faşizmi məğlub edən lider kimi erməni terrorçularına və faşistlərinə qarşı keçirilən məhkəməni Azərbaycanın Nürnberq tribunalına bənzədib. "Doğrudan da, bizim üçün sözün əsl mənasında Nürnberq erməni separatçılarının Azərbaycan ədaləti qarşısında cavab verməsi idi", - deyə deputat qeyd edib. H.Babaoğlu hesab edir ki, bu hadisələr hər bir azərbaycanlının tarixi yaddaşının və özünə hesabatının bir hissəsi olmalıdır. O vurğulayıb ki, BMT-nin qətnamələrinə və xüsusi qrupların yaradılmasına baxmayaraq, problem həll olunmayıb, Avropanın bəzi dəyərləri də bu məsələnin həllinə kömək etməyib. Deputatın fikrincə, Azərbaycan problemi yalnız güclü olduğu zaman həll edə bilib. "Deməli, həmişə güclü olmaq lazımdır ki, 30 ildə yaşadığımız faciələri bir daha yaşamayaq. Bunun üçün də Azərbaycan xalqı olaraq dövlətimizin ətrafında sıx birləşməliyik", - deyə H.Babaoğlu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər