İdman
"Arsenal" klubunda kütləvi ixtisarlar - Səbəb
İngiltərənin "Arsenal" futbol klubu müxtəlif şöbələrdə çalışan 60 əməkdaşının iş yerini ixtisar etməyi nəzərdən keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin jurnalisti Sem Din məlumat yayıb. Bildirilib ki, klubun baş icraçı direktoru Riçard Qarlik bu gün əməkdaşlarla keçirdiyi onlayn görüşdə ixtisar planı barədə məlumat verib. Məsələ ilə bağlı məsləhətləşmələr davam edir və yekun qərar hələ qəbul olunmayıb. İxtisarların əsasən futbol meydançasından kənar sahələri əhatə edəcəyi gözlənilir. Kişi və qadın komandalarının, eləcə də akademiyanın məşqçi və hazırlıq heyətinin iş yerlərinin ixtisardan kənarda qalacağı bildirilir. "Arsenal Foundation" fondu, ictimai layihələr və təhlükəsizlik xidməti də bu prosesə daxil edilməyəcək. Qeyd edək ki, London klubu 2024/2025 maliyyə ilində rekord həcmdə - 691 milyon funt sterlinq gəlir əldə etsə də, ili 1.4 milyon funt sterlinq zərərlə başa vurub. Həmin dövrdə klubun əməliyyat xərcləri də artıb.
Mənbə
oxu.az