İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar vətəndaşlara da aiddir?
Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib. Maraqlıdır, görəsən bu tariflər vətəndaşlara da şamil olunur? Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri, hesablaşmaları tənzimləyir: "Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır. Bu komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq və son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur".
Mənbə
oxu.az