İdman
"Mançester Siti" maliyyə işi üzrə tanınmış vəkilin xidmətindən istifadə edəcək
"Mançester Siti" İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı iş üzrə məsləhətçi kimi vəkil Mark Hovardı cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Lawyer" nəşrinin jurnalisti Kristian Smit məlumat yayıb. Böyük Britaniyanın tanınmış kommersiya hüquqşünaslarından olan Hovardın keçmiş müştəriləri arasında "Çelsi"nin sabiq sahibi Roman Abramoviç və müğənni Elton Con da var. Bildirilir ki, vəkil 2023-cü ildə bir iş üzrə 9 milyon funt sterlinq qonorar alıb. O, "Mançester Siti"nin hüquqi müdafiə qrupunda yer alan Devid Pannik və Pol Harrislə birgə çalışacaq. Qeyd edək ki, sentyabrın sonunda müstəqil komissiya "Mançester Siti"ni 2009-2018-ci illərdə maliyyə qaydalarının pozulması ilə bağlı ittihamların əksəriyyəti üzrə təqsirli bilib. Klub qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. İttihamlar saxta müqavilələr, maliyyə hesabatlarında qeyri-dəqiq məlumatlar və Premyer Liqa ilə UEFA-nın xərc qaydalarının pozulması iddialarını əhatə edir. "Mançester Siti" isə günahsız olduğunu bildirir.
Mənbə
oxu.az