Cəmiyyət
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib. Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, o, Real TV-yə müsahibəsində bu məsələni "hicab qadağası" kimi təqdim edənləri tənqid eləyib. Allahşükür Paşazadə vurğulayıb ki, müzakirələrə səbəb olan qərarda hicab ifadəsi yer almır: "Bunun adını qoyurlar hicab. Əslində, yenə də təkrar etmək istəyirəm ki, qəbul olunan qərarda "hicab" sözü yoxdur. "Məktəbli geyimi" var. Amma buna "hicab" adını qoyurlar ki, başqa dövlətlərə, insanlara, müsəlmanlara təsir göstərsin. Bu adın qoyulması da məqsədlidir". QMİ sədrinin sözlərinə görə, bəzi şəxslər insanların dini hisslərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışırlar. "O insanların dinindən, mənəviyyatından istifadə edən adamlar var. Onlardan istifadə edir, dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə və dövlətin bu məsələni də həll edəcəyinə inanıram", - o bildirib. QMİ sədri hicab məsələsi ətrafında aparılan müzakirələrdən dövlətə qarşı etiraz yaratmaq üçün istifadə olunduğunu bildirib. "Elə bil dövlətlə dindarlar arasında bir uçurum yaratmaq istəyirlər. Bu yoxdur. Olmayan yerdə bir şey yaratmaq istəyirlər. Bizim dindarlarımız öz dövlətini, dövlətçiliyini istəyən və onun tərəfdarı olan insanlardır", - Allahşükür Paşazadə bildirib. QMİ sədri işğal dövründə məscidlərin dağıdılmasına münasibət göstərməyənlərin indi hicab məsələsini gündəmə gətirməsini tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri dünyaya, o cümlədən müsəlman dövlətlərinə göndərdiyini xatırladıb: "Ermənilər gəldilər, dağıtdılar, məscidləri dağıtdılar. Amma bunlar dinmədi, səs çıxarmadılar. Bu qədər məscid dağıldı, heç bir köməklik də göstərmədilər. Amma bu gün hicab məsələsini ortaya qoyaraq dövlətə qarşı etiraz yaratmaq istəyirlər". Allahşükür Paşazadə bu cəhdlərin arxasında müəyyən şəxslərin dayandığını söyləyib və onlara müraciət edib: "Əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər. Heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram". QMİ sədri Azərbaycanın əldə etdiyi nailiyyətləri və vətəndaşların həyat tərzini qəbul edə bilməyən qüvvələrin olduğunu da bildirib. O, ölkənin bundan sonra da inkişaf edəcəyinə inandığını vurğulayıb. Allahşükür Paşazadə dindarları səbirli olmağa çağırıb və onların dövlətə, dövlətçiliyə bağlı olduqlarını qeyd edib. Allahşükür Paşazadə məsələnin təhsil qurumları və məktəb rəhbərləri vasitəsilə həllini tapacağına ümid etdiyini deyib. O, Prezident İlham Əliyevin İslama münasibətini və islamofobiyaya qarşı mübarizəsini də vurğulayıb. QMİ sədri hesab edir ki, müzakirələri dini çərçivədən çıxararaq dövlətçiliyə qarşı siyasi qarşıdurmaya çevirmək cəhdləri qəbuledilməzdir: "Biz dindarlar bu gün öz dövlətimizin və dövlət başçısının yanındayıq. Çünki deyilən məsələlər dini səpkidən də çıxarılaraq dövlətə, dövlətçiliyə və dövlət düzəninə qarşı aparılan siyasət kimi qəbul olunur. Bu, qəbuledilməzdir". Allahşükür Paşazadə bütün dindarları dövlətçiliyi dəstəkləməyə çağırıb, şəhidlərin və onların ailələrinin adından istifadə edilməsinə qarşı çıxıb. "Bu dövlət bizə şəhidlərin əmanətidir, şəhid analarının əmanətidir", - QMİ sədri bildirib.
Mənbə
oxu.az