İdman
"Mançester Siti"nin maliyyə qalmaqalı Britaniyanın baş nazirini siyasi təzyiq altına salıb
Böyük Britaniyanın Baş naziri Endi Börnhem "Rest is politics" podkastında "Mançester Siti" futbol klubunun rəhbərliyi ilə görüşlərinin təfərrüatını açıqlayacağına söz verib. Buna səbəb onun lobbiçilikdə və klubun ərəb sahiblərinə simpatiyada ittiham edilməsidir. Oxu.Az-ın RBK-ya istinadən verdiyi məlumatına görə, sentyabrın 29-da "Mançester Siti" İngiltərə Premyer Liqasının (İPL) maliyyə qaydalarını pozmaqda, klubun sahibləri (Əbu-Dabi əmirliyinin hakim ailəsi) isə vergidən yayınmaqda təqsirli biliniblər. İPL-in müstəqil komissiyası "Mançester Siti"ni 2009-2018-ci illər ərzində kommersiya müqavilələrini süni şəkildə şişirtməkdə və işçilərin xərclərini gizlətməkdə, eləcə də 2018-2023-cü illərdə liqanın istintaqı ilə əməkdaşlıqdan imtina etməkdə günahkar bilib. Üç nəfərdən ibarət komissiya qeyd edib ki, klub bir neçə "saxta" müqavilə sayəsində 900 milyon funt sterlinqdən (1.2 milyard dollar) çox haqsız üstünlük əldə edib. Bununla əlaqədar İngiltərədə klubu bütün titullarından məhrum etmək və İPL-dən kənarlaşdırmaqla cəzalandırmaq tələbləri səslənir. Mançesterin inkişafına böyük sərmayələr yatırmış klubun Əbu-Dabi mərkəzli sahiblərini itirməkdən narahatlıq keçirəcəyini bildirən Börnhemin bəyanatından sonra mübahisələr daha da şiddətlənib. Siyasətçi potensial maraqlar toqquşması ilə bağlı tənqidlərə məruz qalıb. Ekspertlər və media güman edirdilər ki, hakimiyyət BƏƏ ilə sıx iqtisadi əlaqələri korlamaqdan ehtiyatlanır. Hüquq müdafiəçilərinin fikrincə, məhz bu səbəbdən Britaniya Sudanda "hərbi cinayətlərdə iştiraka" görə Şeyx Mənsura ("Mançester Siti"nin sahibi, Əbu-Dabi baş nazirinin müavini) qarşı sanksiyalar tətbiq etmir. "The Times" nəşri oktyabrın 12-də məqalə dərc edərək, Börnhemin rəhbərliyi altındakı Böyük Mançester şəhər şurasının (o, 2017-2026-cı illərdə Mançesterin meri olub) "Siti" sahibləri ilə daşınmaz əmlak müqavilələri barədə məlumatların açıqlanmamasına dair razılaşma imzaladığını iddia edib. Nəşrin məlumatına görə, bu təcrübə Börnhem mer postuna gəlməzdən çox əvvəl başlayıb, lakin onun dövründə də davam edib. Börnhem Böyük Mançesterin meri olduğu dövrdə şəhər Əbu-Dabidən olan inşaatçılara üç kredit ödənişi şəklində 55 milyon funt sterlinq ayırıb. Bütün bunların fonunda Börnhem "The Rest is Politics" podkastında deyib: "Hazırda insanların bu məsələləri (futbol qalmaqalı və "Mançester Siti" sahiblərinin şəhərdəki investisiya fəaliyyəti) bir-birinə qatmağa çalışdığını görürəm. Müxalifət lideri məndən görüşlərimin təfərrüatını dərc etməyimi xahiş etdi və mən bunu məmnuniyyətlə edəcəyəm. Böyük Mançesterin meri kimi əvvəlki vəzifəmdə onlarla işləyərkən etdiyim hər şeyi tamamilə aydın şəkildə təqdim edəcəyəm". "Mənim bu mövzuda yalnız bir əhəmiyyətli görüşüm olub və bu, 2021-ci ildə baş verib, - deyə o əlavə edib. - Futbol məsələləri ciddidir və həllini tələb edir. Lakin düşünürəm ki, hər kəs investisiya və futbol məsələlərini bir-birindən ayırmalıdır, çünki bunlar eyni şey deyil".
Mənbə
oxu.az