Siyasət

Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto

12 Oct 2026, 16:32 5 baxış
Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto
Elşad Məmmədli yazır... Hazırda vacib bir məsələnin müzakirəsi dövründəyik: ölkədə hicab problemi varmı, yoxmu? Məncə və müşahidələr də deyir ki, yetkin şəxslərin hicabdan istifadəsi ilə bağlı heç bir maneə, əngəl, təzyiq, qadağa yoxdur. Mövzu sadəcə məktəbdir. Odur ki, prosesə bu prizmadan baxmalıyıq: cəmiyyətin inkişafının, demokratiyanın və elə dini-mənəvi dəyərlərin də başlıca şərti hər kəsin qanunlara əməl etməsidir. Məktəblərin fəaliyyəti də qanunla tənzimlənir. Burada qaydalara birmənalı şəkildə hamı əməl etməlidir, qanunlar sözsüz şəkildə icra olunmalıdır. Kimsə öz şəxsi prinsiplərini, "mənim yanaşmam, yaşam tərzim belədir, ona görə də məktəbə uşağım, özüm nə cür istəsəm, geyinib gələ bilərik" fikrini hakim edə bilməz. Konstitusiyamızda yazılıb ki, Azərbaycan dünyəvi dövlətdir. Müvafiq qanunda isə məktəb personalının - müəllim və şagirdlərin geyim qaydası əksini tapır. Bu, tövsiyə deyil, icrası məcbur qanundur. Çünki söhbət bərabərlik prinsipindən, birinin digərinə dolayı və ya işarəli təsir göstərməməsindən gedir. Məktəbdə yalnız dövlətin müəyyən etdiyi və hamının - xalqımızın ümumi maraqlarına, tarixdən süzülüb, ələnib gələn dəyərlər, psixologiya və milli ideologiya hakim olmalıdır. Eyni zamanda kimsə məktəbə böyründən xəncər asılan çuxa, buxara papaq, fəs, sırıqlı, yeddiqat don, trapes və ya cırıq şalvar, göbəyiaçıq, qısa ətəkdə gələ bilməz. O cümlədən də təhsil müəssisəsinin geyim qaydasından kənar dini geyimlər - hicab, təsək, niqab, çadra, çarşab da yolverilməzdir. Hazırda məktəblərdə geyim məsələsinin tənzimlənməsi kimi vacib bir prosesi bəziləri nədənsə ölkədə hicab qadağası kimi təqdim etməyə çalışırlar, biriləri hətta bundan şou düzəltməyə, öz xarici təsir potensialını işə salmağa cəhd göstərirlər. Hansı ki, ölkəmizdə belə bir qadağa yoxdur! Vicdan azadlığı da konstitusiyamızda təsbit olunub, dini inanclar toxunulmazdır! Hər kəs müstəqil, gündəlik həyatında öz dini rituallarını icra, öz baxışlarına uyğun geyimdən istifadə edir. Mövzuya islam dəyərlərinin pozulması kimi qiymət vermək kökündən yanlışdır. Heç kimə ictimai yerlərə, bazara, gəzintiyə, toya, yasa, ad gününə, dövlət idarəsinə və s. niyə hicabla getdiyi deyilə bilməz və buna cəhd edənlər qanunla cəzalandırıla bilərlər. Azərbaycan öz islami dəyərlərinə sadiqdir və Qarabağın azadlığından sonra başlayan abadlıq, quruculuq prosesində də məscidlərin bərpası, təmiri prioritet oldu. Söhbət yalnız məktəblə bağlı qaydalara əməl edilməsindən gedir: bura hicabla gəlmək vahid geyim formasının pozulmasıdır. Məktəb qaydaları da müqəddəs sayılmalıdır. Çünki bura təhsil məbədidir, burada insan yetişdirilir. Həmçinin, məktəblərə uzun saçla, saqqalla gələn oğlanlar, rəngli saçla, uzun, boyalı dırnaqla gələn yuxarı sinif şagirdi olan qızlara da bunun yolverilməzliyi izah olunur, həmin məsələlər aradan qaldırıldıqdan sonra dərsə davam edirlər. Məsələnin hüquqi tərəfləri ilə yanaşı, mənəvi-psixoloji cəhətləri də mübahisə yaratmamalıdır. Məktəblilər azyaşlılardır, onlar həddi-buluğa çatanadək dini təsir, birbaşa və ya dolayı şəkildə basqı altında olmamalıdırlar. Bu, həm yerli, həm də beynəlxalq qanunların birmənalı tələbidir. Bəzi ölkələrdə orta təhsil müəssisəsinə istədiyi dini geyimdə gəlmək istəyən şəxslər hətta Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ediblər. Ancaq Avropa Məhkəməsi birmənalı şəkildə dövlətləri və onun qaydalarını dəstəkləyən qərar verib. Belə nümunələr onlarladır. Mövzuya "Avropada vahid geyim məsələsi - azyaşlıları məktəbə hicabda yollamaq qadağan deyil" prizmasından yanaşmaq cəhdləri də bilgisizliyin nəticəsidir. Demokratiyanın beşiyi sayılan Fransada, Avstriyada dini geyimlər, o cümlədən hicab məktəblərdə qadağandır. Əksər Avropa ölkələrində dini simvollardan orta məktəblərdə istifadəyə məhdudiyyətlər var. Türk-müsəlman ölkələrindən Qazaxıstanda, Özbəkistanda da orta təhsil ocaqlarına hicab və digər dini örtüklərdə gəlmək yasaqdır. Türkiyədə də 2019-cu ildə vahid geyimlə bağlı qərar imzalanıb. 2024-cü ildə isə ibtidai sinif şagirdlərinin məktəbə hicabla gəlməsinə qarşı sərəncam var. Necə əməl olunur, bu artıq dövlətin qanunlara baxışı, yanaşmasıdır. Hərçənd, qanunlar ona əməl etmək üçündür... Bu gün bir çoxları hicab mövzusunda İrandakı bəzi dairələrin təsiri altındadır. Fakt isə ondan ibarətdir ki, Azərbaycanda hicab problemini qarşıdurmaya çevirmək cəhdləri edən dairələrin öz ölkəsində - İranda qadınların çarşabdan, hicabdan çıxması, dünyəviləşməsi prosesi gedir.
Tehranda başı bağlamaq tələbinə qarşı aksiyalar, habelə orada xeyli qadının artıq sadəcə klassik kəlağayı formasına keçməsi gizlin deyil... Burada xüsusi bir haşiyə çıxaq: başörtüsü məsələsi təkcə islamda yox, bütün səmavi dinlərdə əksini tapır. Xristianlıqda da oxşar tələb var. Həmin səmavi dinlərin olduğu ölkələrdə isə uşaqları məktəblərə başını bağlayıb göndərmirlər. Müvafiq baş örtüklərini onlar sərbəst həyatlarında, dini məkanlara gedəndə istifadə edirlər. Faktiki məktəb-başörtüsü davası aparmırlar. Hansısa xristian ölkəsində məktəbə rahibə, keşiş geyiminə oxşar formada gələn görmüsünüzmü? Mümkün deyil.
Şagird istənilən dünyəvi ölkədə beyninə kənar, dini təsir edilmədən yetişməlidir. Orta məktəbi bitirəndən, müstəqil həyata başlayandan sonra isə nə cür istəsə geyinsin, geyinir və geyinməlidir. Müəllimlər üçün də vahid geyim tələbi onun üçündür ki, şagirdlər hər gün ona təhsil, tərbiyə verən pedaqoqun dini görüntüsünün təsirinə məruz qalmasın. Pedaqoqlar bunu mübahisəsiz başa düşməlidirlər. Müəllim məktəbdə, dərs zamanı vahid geyim formasında olmalı, məktəbdən gedərkən öz dini aksesuarından istifadə edə bilər... Nəhayət, bu məsələdə dövlətçilik, milli ideologiya məsələsi də xüsusi qeyd olunmalıdır. Azərbaycan kimsədən asılı olmayan, dünyada sayılıb-seçilən, müstəqil siyasət həyata keçirən qalib dövlətdir. Bizim 30 il bir nömrəli problemimiz torpaqlarımızı işğaldan azad etmək, suverenliyimizin bərpasına nail olmaq idi. Buna nail olmuşuq və indi digər məsələlərimizin həlli ilə məşğuluq. Məncə məhz ikinci vacib məsələ kimi məktəblərdə nizam-intizamı gücləndirmək, təhsilin səviyyəsini yüksəltmək və bunun paralelində öz ideologiyamızı, azərbaycançılıq ideyasını daha oturuşmuş hala gətirməkdir. Kimlərsə uzun illərdir öz yad ideologiyasını Azərbaycanda məhz məktəblərdən yeritmək istəyir. İndi dövlətin həyata keçirdiyi məktəb siyasətinə qarşı dirənişlər də kimlərinsə ideoloji savaşının elementidir. "Asan və rahat təbliğat məkanı" kimi təhsil müəssisələrimizi əllərində saxlamaq istəyirlər, bunun üçün min oyundan çıxırlar. Bunun üçün xeyli əlaltılar da var. Ancaq dövlət hər şeyi görəndir, biləndir və vaxtında tədbir görəndir! Önləyici proseslər də təbii ki, məktəbdən başlamalıdır. Dövlət bütün bunları apardığı uzun müşahidələrdən sonra həyata keçirir. Bəli, sağlam gələcəyin, qeyri-aqressiv cəmiyyətin, ictimai, sosial, iqtisadi inkişafın bünövrəsi məktəbdə qoyulur. Balacalıqda, azyaşlılıqda, yeniyetməlik və gənclikdə insanlarımıza nə versək, bəhrəsi də o olacaq. Onunla da razıyam ki, bir çox valideynlər üçün övladının məktəbə hicabsız getməsi təəssüf ki, kənar təsirlərlə onun üçün "qırmızı xətt" kimi formalaşdırılıb. Ancaq bu, daşlaşmış yaddaş deyil. Çünki bizim tarixi yaddaşımız, qan yaddaşımız bu deyil. Ona görə də həmin valideynlərlə maarifləndirici söhbətlər aparmaq, müvafiq müzakirələrə başlamaq lazımdır. Kimsə qanundankənar davranmaq istəyəcəksə, bunun üçün də qanunların, asayişin keşiyində duran strukturlar var. Onlar daha peşəkardırlar...
P.S. Bu gün bəzi məktəblərə edilən kor-təbii hücumlar, səsləndirilən şüarlar da təsdiqləyir ki, əsasən xaricdən təlimat alanlar növbəti təxribatlarına başlamaq üçün hərəkətə keçiblər. Bir daha aydın olur ki, məktəblərdən yad təsirlərin, ünsürlərin uzaqlaşdırılması milli təhlükəsizlik məsələsidir. Göstərilən müqavimət isə milli təhlükəsizliyimizə qarşıdır, müəyyən kənar dairələrin məktəbləri yenə də özlərinin köksalma, "ideologiya mərkəzləri" kimi əldə saxlamaq cəhdləridir.
Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto Hicab adı altında gizlənən destruktiv mübarizə: Milli ideologiya və yad ünsürlər - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər