Dünya
Türkiyənin müdafiə sənayesində xarici elektrik avtomobillərinə qadağa
Türkiyənin TUSAŞ Motor Sənayesi (TEI) şirkətinin baş direktoru Mahmut Faruk Akşit müdafiə sənayesi müəssisələrinin ərazisinə xarici istehsalı olan elektrik avtomobillərinin buraxılmadığını bildirib. Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Akşit bu barədə Pamukkale Universitetində keçirilən konfransda çıxışı zamanı danışıb. O, rəqəmsal texnologiyaların yaratdığı təhlükələrə diqqət çəkib. Akşit müdafiə sənayesində məxfi məlumatların qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, TEI-də kritik məlumatları qorumaq üçün internetdən fiziki olaraq təcrid edilmiş kompüter sistemlərindən istifadə olunur. Şirkət rəhbəri ASELSAN, ROKETSAN, HAVELSAN və TEI müəssisələrinin ərazilərinə xarici istehsalı olan elektrik avtomobillərinin buraxılmadığını qeyd edib. O bildirib ki, müasir avtomobillərdə çoxsaylı kameralar və sensorlar mövcuddur. Bu sistemlər ətraf mühit haqqında məlumat toplayaraq ərazinin xəritəsini yarada bilir. Akşitin sözlərinə görə, avtomobilin proqram təminatı və idarəetməsi başqa tərəfin nəzarətində olduqda bu imkanlar təhlükəsizlik riski yarada bilər. "Yerli avtomobillərin əraziyə girişinə icazə veririk, çünki həm proqram təminatı, həm də idarəetmə bizim nəzarətimizdədir. Təhlükə böyükdür. Müharibə vəziyyətində nələrin baş verəcəyini bilmək olmaz. Proqram təminatı sizin nəzarətinizdədirsə, onu dəyişdirərək sistemi yenidən təhlükəsiz vəziyyətə gətirə bilərsiniz. Amma proqram təminatı və idarəetmə başqasının əlindədirsə, sistem onun istədiyi kimi işləyəcək", - deyə Akşit bildirib. O, süni intellekt vasitəsilə müharibə ssenarilərinin modelləşdirilməsi zamanı avtomobillərin idarəolunan raketlər kimi istifadə edilməsi ehtimalının da ortaya çıxdığını söyləyib. Akşitin fikrincə, avtonom və elektrik avtomobillərinin təhlükəsizliyi qiymətləndirilərkən onların proqram təminatına, kameralarına və sensorlarına xüsusi diqqət yetirilməlidir. Sonda şirkət rəhbəri rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə yanaşı, onların yarada biləcəyi risklər barədə cəmiyyətdə məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb.
Mənbə
oxu.az