Siyasət
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib. İttifaq ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıq fonunda bu yardımın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) nümayəndəsi "Report"a açıqlamasında bildirib. "Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyin göstərilməsinə töhfə verir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, İttifaq Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların yardımı da mühüm rol oynayır. Bu dəstək Ukraynanın təcili ehtiyaclarının ödənilməsinə və ölkənin dayanıqlığının gücləndirilməsinə kömək edir. Aİ rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, mühüm infrastruktur obyektlərinə və mülki şəxslərə qarşı davam edən hücumları, xüsusilə qış yaxınlaşdıqca, əhalini qorxutmağa, ölkə iqtisadiyyatını sarsıtmağa və Ukraynanın dayanıqlığını zəiflətməyə yönəlib. Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində daha bir elektrik avadanlıqları partiyası göndərib. Yükün ümumi dəyəri 2.5 milyon manat təşkil edib. Yardıma transformatorlar, 186 kilometr elektrik kabeli, naqillər və Ukraynanın enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar daxil olub.
Mənbə
oxu.az