Kriminal

Bakıda eyni ərazidə bir ildə ikinci sürüşmə təhlükəsi: Nə beton bloklar quraşdırılıb, nə də istinad divarı tikilib - Video

10 Oct 2026, 01:36 3 baxış
Bakıda eyni ərazidə bir ildə ikinci sürüşmə təhlükəsi: Nə beton bloklar quraşdırılıb, nə də istinad divarı tikilib - Video
Bakının Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb. Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, eyni ərazidə bir il ərzində ikinci dəfə sürüşmə baş versə də, ərazinin lentlə əhatə olunmasından başqa, hər hansı təhlükəsizlik tədbiri görülməyib.

Həmin ünvanda yaşayan sakinlər bildirirlər ki, sürüşmədən sonra yaşadıqları binanın qarşısında təhlükəli vəziyyət yaranıb. Onların sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları əraziyə bir neçə dəfə baxış keçirsələr də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılıb, nə də istinad divarı tikilib. Bəs yağıntılar başlamazdan əvvəl ərazidə təhlükəsizlik tədbirləri nə vaxt görüləcək və istinad divarının tikintisinə nə zaman başlanılacaq? Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, əraziyə baxış keçirilib və təhlükəli sahə lentlə əhatə olunub. "Cari il aprelin 11-də intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra istinad divarının tikintisi barədə qərar qəbul edilib. Bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılıb və istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur", - deyə o bildirib. Qeyd olunub ki, yaxınlıqda yaşayan vətəndaşlar torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamalı və həmin ərazidən avtomobil dayanacağı kimi istifadə etməməlidirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər