İdman
Dünya çempionu futbolçu karyerasını başa vurdu
İspaniyalı tanınmış futbolçu Pedro Rodriges peşəkar karyerasını başa vurduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə 39 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat verib. "Artıq zamanın gəldiyini hiss edirəm. Həyatımda yeni bir mərhələyə başlamaq və irəliyə doğru addım atmaq vaxtıdır. Xəyalımı gerçəkləşdirdiyim üçün qürurla, mənə dəstək olan və bunun baş tutmasına kömək edən hər kəsə minnətdarlıqla gedirəm. Məni bu qədər xoşbəxt etdiyin üçün sənə təşəkkür edirəm, futbol", - deyə Rodriges paylaşımında bildirib. Qeyd edək ki, təcrübəli oyunçunun formasını geyindiyi sonuncu komanda İtaliya "Latsio"su olub. O, karyerası ərzində İtaliyanın "Roma", İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" klublarının da şərəfini qoruyub. İspaniya milli komandasının heyətində çıxış edən futbolçu 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb.
Mənbə
oxu.az