İdman

İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət

07 Oct 2026, 07:00 1 baxış
İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət
Dünya futbol tarixinə adını qızıl hərflərlə yazdıran Uesli Sneyder yaşıl meydanlarla vidalaşdıqdan sonra tamamilə fərqli bir həyatla üz-üzə qalıb. Niderlandlı əfsanənin idmandan uzaqlaşdıqdan sonra fiziki formasını itirməsi və sürətlə çəki alması uzun müddət dünya mətbuatının və azarkeşlərin əsas müzakirə mövzusuna çevrilmişdi. Lakin ictimaiyyətin və medianın gördüyü yalnız zahiri dəyişiklik idi. Bu dəyişikliyin arxasında isə Sneyderin illərdir daxilində təkbaşına çəkdiyi ağır itkilər və böyük bir faciə dayanırdı. Oxu.Az-ın "İdmandan kənar" rubrikası bu dəfə futbolçu karyerasını başa vurduqdan sonra həyatının ən ağır sınaqları ilə üzləşən, qısa müddət ərzində həm anasını, həm də atasını itirən və illər sonra fiziki dəyişiminin əsl səbəbini açıqlayan Uesli Sneyderin qeyri-adi həyat hekayəsini təqdim edir. Bu günlərdə 41 yaşlı sabiq ulduz futbolçu həmin qaranlıq dövr barədə ilk dəfə olaraq səssizliyini pozub. O, karyerasını başa vurduqdan sonra ailəsində başlayan və düz 3.5 il davam edən ağır sınaqların həyatını necə alt-üst etdiyini ictimaiyyətlə bölüşüb.
Hər şey atasının amansız xəstəliyi ilə başladı Sneyderin açıqlamasına görə, butslarını mismardan asdıqdan dərhal sonra ailəsi atasının xərçəng xəstəliyinə tutulduğu xəbəri ilə sarsılıb. Atası cərrahi müdaxiləyə məruz qalıb və müalicələrdən sonra xəstəliyə qalib gəlib. Ancaq ailənin bu sevinci və rahatlığı çox çəkməyib. Çox keçmədən bu dəfə anası eyni amansız xəstəliyin pəncəsinə düşüb. Sneyderin sözlərinə görə, həmin vaxt anasının cəmi 59 yaşı var idi və o, diaqnoz qoyulduqdan təxminən altı ay sonra həyatla vidalaşıb. Həmin ağrılı günləri xatırlayan sabiq futbolçu "Bir il yarım vaxtım demək olar ki, ancaq xəstəxanalarda keçdi", - deyə bildirib. Anasının vəfatından cəmi iki ay sonra isə ailə növbəti sarsıntını yaşayıb. Atası yenidən yoxlanışdan keçib və həkimlər dəhşətli xəbəri veriblər. Xəstəlik yenidən geri qayıdıb. Sneyder qeyd edib ki, həkimlər ailəyə reallığı açıq şəkildə deyiblər. Müalicə olunmayacağı təqdirdə atasının cəmi 6-7 həftə, müalicəyə davam edəcəyi halda isə 6-7 ay ömrü qaldığı bildirilib. Atası isə son nəfəsinə qədər mübarizə aparmağı seçib. Lakin təxminən 9-10 aylıq çətin mübarizədən sonra o da anası kimi eyni yaşda - 59 yaşında dünyasını dəyişib. Meydandan uzaqda fərqli və amansız mübarizə Peşəkar karyerası ərzində dünyanın ən möhtəşəm arenalarında top qovan Sneyder "Ayaks", "Real Madrid", "İnter", "Qalatasaray" klublarının və Niderland yığmasının əsas ulduzlarından biri olub. O, xüsusilə 2010-cu ildə "İnter"in heyətində Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırması ilə futbol tarixinə düşüb.
Lakin yaşıl meydanlarla vidalaşdıqdan sonra onun qarşısında idmandakından qat-qat ağır və fərqli bir mübarizə dayanmışdı. Valideynlərinin amansız xəstəliklə çarpışdığı dövrdə onun həyatının demək olar ki, bütün hissəsi xəstəxana dəhlizlərində keçib. Bu uzunmüddətli ağrılı proses Sneyderə həm psixoloji, həm də fiziki cəhətdən ağır zərbə vurub. O, həmin qaranlıq aylarda idmanla məşğul ola bilmədiyini, sadəcə xəstəxanadan kənara çıxdığı anlarda yaşadıqlarını az da olsa unutmağa çalışdığını etiraf edib. Məhz bu psixoloji sarsıntıların və hərəkətsizliyin nəticəsində bir zamanlar meydanlarda ideal atletik quruluşu ilə diqqət çəkən futbolçunun çəkisi sürətlə artmağa başlayıb. Amma bütün dünya və mətbuat Sneyderin keçirdiyi mənəvi sarsıntıları deyil, yalnız onun dəyişən zahiri görünüşünü hədəfə almışdı. "İnsanlar bu vəziyyətin arxasındakı əsl səbəbdən xəbərsiz idi" Keçmiş ulduz futbolçu illər sonra bu mövzuda danışarkən insanların onun şəxsi həyatında qopan fırtınalardan və acılardan tamamilə xəbərsiz olduğunu xüsusi vurğulayıb. Sneyder o günləri belə xatırlayır: "Anamı və atamı çox qısa müddət ərzində, eyni xəstəlikdən və 59 yaşlarında itirdim. Sonra bütün dünya mənim kökəldiyim görüntüləri müzakirə etdi. Bunu ilk dəfədir danışıram. İnsanlar bəzən kiminsə fiziki dəyişikliyinin arxasında hansı faciələrin və səbəblərin dayandığını heç vaxt bilmirlər". Sneyderin bu səmimi etirafı əslində illərdir ictimaiyyəti və mətbuatı maraqlandıran o məşhur suala cavab oldu: Niyə Sneyder futbolla vidalaşdıqdan sonra bu qədər tanınmaz hala düşdü? Cavab sadəcə idmandan uzaqlaşmaq və ya passiv həyat tərzi keçirmək deyildi. Bu, ən əziz adamlarının - valideynlərinin ağır xəstəliyi və ard-arda gələn ölümləri ilə müşayiət olunan dəhşətli bir yas dövrü idi. "Arıqlamaqla onları həyata qaytara bilmərəm" Uesli Sneyder hazırda yenidən köhnə, sağlam formasına qayıtmaq üçün səy göstərdiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə başladığı proses olduqca müsbət irəliləyir. Lakin onun bu dəfəki hədəfi sadəcə cəmiyyətin gözündəki xarici görünüşünü yaxşılaşdırmaq deyil. Çünki o, çox yaxşı bilir ki, illər əvvəl itirdiyi iki ən dəyərli insanı heç bir ağır məşq proqramı, heç bir sərt pəhriz və itirilən heç bir kiloqram geri qaytara bilməz. Sneyder daxilindəki bu acı reallığı cəmi bir cümlə ilə belə ifadə edib: "İndi yenidən köhnə formama qayıtmağa çalışıram. Hər şey yaxşı gedir, amma arıqlamaqla anamı və atamı geri qaytara bilmərəm". Bir zamanlar yaşıl meydanlarda milyonlarla azarkeşin heyranlıqla izlədiyi Sneyder üçün həyatının ən böyük və amansız mübarizəsi karyerasının zirvəsində deyil, məhz futboldan kənarda başladı. Bu dəfə onun qarşısındakı rəqib hər hansı bir futbol klubu yox, birbaşa həyatın özü idi.
İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət
Mənbə oxu.az

Oxşar Xəbərlər