Maraqlı
113 yaşlı avstraliyalının oğlu atasının uzunömürlülüyün sirrini açıqladı
Avstraliyanın ən yaşlı sakini olan Ken Uiks özünün 113-cü ad gününü qeyd edib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Ken Uiks 1913-cü il oktyabrın 5-də anadan olub. O, hazırda dünyanın ən yaşlı kişisi hesab edilən 114 yaşlı braziliyalı Juan Marinyo Neto ilə eyni gündə doğulub. Əlamətdar gün münasibətilə hər iki uzunömürlü şəxs bir-birinə video formatında təbrik göndərib. 113 yaşlı avstraliyalı kişinin oğlu atasının uzunömürlülük sirrinin sadə həyat tərzində olduğunu vurğulayıb. Onun sözlərinə görə, atası spirtli içki qəbul etmir, siqaret çəkmir, şirniyyatdan demək olar ki, istifadə etmir və heç bir sağlamlıq trendinə qoşulmayıb. "Lakin o, ağ çörək yeyir", - deyə oğlu əlavə edib. Hazırda uzunömürlü şəxs qocalar evində yaşayır. O, 105 yaşı tamam olmamışdan bir müddət əvvəl oraya köçüb. Həmin vaxta qədər isə tamamilə müstəqil şəkildə həyatını davam etdirib. Məsələn, 100 yaşında olarkən o, gündəlik bazarlığını etmək üçün mağazaya özü gedirdi. Uzunömürlü kişi fiziki cəhətdən hələ də gümrah qalsa da, irəliləyən yaş öz təsirini göstərib. Oğlunun dediyinə görə, hazırda Ken Uiksin danışmaqda çətinlikləri var.
Mənbə
oxu.az