İdman
"Fənərbağça"nın əfsanəvi qapıçısı vəfat etdi - Foto
"Fənərbağça"nın heyətində 5 mövsümdə 3 çempionluq qazanan və Türkiyə Super Liqası tarixində bir mövsümdə ən az qol buraxan qapıçı rekordunu bu günə qədər qoruyan rumıniyalı əfsanəvi qapıçı İlie Datku 89 yaşında dünyasını dəyişib. Oxu.Az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir. 1969-1970-ci illər mövsümündə "Dinamo Buxarest"dən "Fənərbağça"ya keçən İlie Datku 5 mövsüm ərzində komandanın şərəfini qoruyub. O, ilk mövsümündə 30 oyunda cəmi 6 qol buraxaraq Super Liqa (həmin dövrdə Türkiyə Birinci Liqası) tarixində bir mövsümdə ən az qol buraxan qapıçı rekorduna imza atıb. Bu rekord günümüzə qədər yenilənməyib. Rumıniya milli komandası ilə 13 oyuna çıxan Datku 1976-cı ildə qısa müddət ərzində "Fənərbağça"nın baş məşqçisi vəzifəsində də çalışıb. Daha sonra Türkiyə vətəndaşlığını qəbul edən və adını İlya Datça olaraq dəyişən keçmiş qapıçı 2002-2005-ci illərdə "Beşiktaş" klubunda qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərib.
Mənbə
oxu.az