Tailandda daşqınlar 3,26 milyondan çox insana təsir etdi
Tailandda yağışlı mövsümdə baş verən daşqınlar ölkə üzrə 3,26 milyondan çox sakinə təsir edib.
Axar.azxəbər verir ki, bu barədə “The Nation” Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət 1,17 milyondan çox təsərrüfata ziyan vurub. Daşqınlar 27 əyalətin 154 rayonunda qeydə alınıb. Ən çox zərər ölkənin mərkəzi və şərq əyalətlərinə dəyib. Şimaldakı yüksəkliklərdən böyük həcmdə suyun axması həmin ərazilərdə vəziyyəti daha da çətinləşdirib.
Paytaxt Banqkokda daha əvvəl təxminən 329 min təsərrüfatın daşqınlardan təsirləndiyi bildirilib. Şəhərdə təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü qeyd olunub.
Yenilənmiş məlumatlara əsasən, ölkə üzrə daşqınlar nəticəsində ölənlərin ümumi sayı 31 nəfərə çatıb. Şimal və şimal-şərq ərazilərində suyun səviyyəsi tədricən azalsa da, Ayutthaya, Pathumthani, Sinqburi, Suphanburi və Uthai Thani kimi mərkəzi əyalətlərdə suyun səviyyəsi hələ də yüksəlir.
Fövqəladə xidmətlər yaşayış ərazilərindən suyun çəkilməsi və nəqliyyat yollarının təmizlənməsi üçün xüsusi texnika və nasos avadanlıqları hazırlayır.
Tayland Meteorologiya Bürosu oktyabrın 4-dən 7-dək ölkənin şimalında güclü tufan, külək və leysan yağışlarının olacağı barədə xəbərdarlıq yayıb.