Cəmiyyət
Bakı-Tbilisi-Bakı qatarına onlayn bilet alanların nəzərinə: Yeni qaydalar tətbiq edilir
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir. Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. "Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində şəxsi kabinetlərini "mygov ID" vasitəsilə verifikasiya etməlidirlər", - məlumatda bildirilib. Əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir: "Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər. "ADY Mobile"da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın", - qurumun məlumatında deyilir.
Mənbə
oxu.az