İqtisadiyyat

İpoteka kreditləri niyə azalır? - Səbəblər AÇIQLANDI

01 Oct 2026, 18:44 2 baxış
İpoteka kreditləri niyə azalır? - Səbəblər AÇIQLANDI
"Dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) ayrılan vəsaitin artırılması ipoteka kreditlərinin həcminin yüksəlməsinə səbəb olmayıb. Mənzil qiymətlərinin yüksək olması, vətəndaşların gəlirləri ilə daşınmaz əmlak bazarındakı qiymətlər arasındakı fərq və kredit şərtləri ipotekaya çıxış imkanlarını məhdudlaşdıran əsas amillər sırasındadır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ipoteka kreditlərinin həcminin azalması ilə bağlı mövzunu şərh edərkən bildirib. Onun sözlərinə görə, dövlət büdcəsindən İKZF-yə ayrılan vəsait 33.4 faiz artaraq 63.9 milyon manata çatsa da, 2026-cı ilin yanvar-avqust aylarında fondun xətti ilə verilən ipoteka kreditləri 13.7 faiz azalaraq 262.9 milyon manat təşkil edib. Ekspert qeyd edib ki, dövlət maliyyəsinin artırılması avtomatik olaraq ipoteka kreditlərinin həcminin yüksəlməsi ilə nəticələnmir. Bu prosesdə kreditlərə tələb, mənzil qiymətləri, vətəndaşların gəlirləri və kredit şərtləri də mühüm rol oynayır. A.Nəsirli bildirib ki, vətəndaşlar üçün əsas problem mənzil qiymətləri, ilkin ödəniş və aylıq kredit ödənişlərinin bir-biri ilə əlaqəli olmasıdır: "Mənzillərin qiyməti yüksək olduqda tələb olunan kredit məbləği artır, bunun nəticəsində ilkin ödəniş də böyüyür. İlkin ödənişi toplamaq mümkün olsa belə, yüksək məbləğli kredit üzrə aylıq ödəniş ailə büdcəsinə ciddi yük yaradır. Gəlirin kredit ödənişinə nisbəti bank üçün də mühüm meyardır. Buna görə vətəndaşın gəliri mənzil qiymətlərinin artımına uyğun yüksəlmirsə, ipotekaya çıxış çətinləşir". Ekspert ipoteka kreditlərinin azalmasının mənzil bazarına mümkün təsirindən də danışıb. Onun sözlərinə görə, kredit tələbinin zəifləməsi mənzil bazarında alıcıların sayını və ödəmə qabiliyyətli tələbi azalda bilər. Bu isə qiymət artımının sürətini zəiflədə və müəyyən seqmentlərdə qiymətlərə aşağı yönlü təzyiq yarada bilər. A.Nəsirli, bununla belə, ipoteka kreditlərinin 13.7 faiz azalmasının mənzillərin ucuzlaşacağı anlamına gəlmədiyini vurğulayıb: "Mənzil qiymətlərinə tikinti xərcləri, torpaq qiyməti, kirayə gəlirləri, əhalinin gəlirləri, nağd alıcıların tələbi və bazardakı təklif də təsir edir". O, yeni ipoteka kreditlərinin azalmasına baxmayaraq, bankların ümumi ipoteka kreditləri portfelinin artmasına da diqqət çəkib. Belə ki, avqustun sonunda bu göstərici 4.74 milyard manata çatıb və ilin əvvəlindən üç faiz artıb. Ekspert bildirib ki, bu, yeni kreditləşmədəki zəifləmənin hələlik ümumi ipoteka bazarının kiçilməsi anlamına gəlmədiyini göstərir. A.Nəsirlinin fikrincə, problemin həlli yalnız İKZF-yə daha çox büdcə vəsaiti ayrılmasından keçmir: "Əsas məsələ mənzil qiymətləri ilə əhalinin gəlirləri arasında fərqin azaldılması, ilkin ödəniş yükünün yüngülləşdirilməsi və aylıq kredit ödənişlərinin ailə büdcəsi üçün daha əlçatan səviyyəyə gətirilməsidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər