İdman
UEFA-dan "Barselona" ilə bağlı yeni qərar
UEFA İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın işi üzrə "Barselona" klubuna qarşı intizam icraatını bərpa edib. Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti rəsmi məlumat yayıb. İyun ayında "Real Madrid" klubu bu məsələ ilə bağlı UEFA-ya hesabat təqdim edərək "Barselona"nın bir neçə tituldan məhrum edilməsi tələbini irəli sürmüşdü. "UEFA "Barselona"nın "Neqreyra işi" üzrə davam edən araşdırması çərçivəsində "Real Madrid"dən əhəmiyyətli həcmdə sənədlərin alındığını təsdiqləyir. UEFA-nın etika və intizam müfəttişləri də yeni sənədlər əldə ediblər və onları işin davam edən təhlili çərçivəsində nəzərdən keçirəcəklər", - deyə qurumun bəyanatında bildirilir. UEFA "Barselona"nın Neqreyraya 8.4 milyon avro ödədiyi 2001-2018-ci illər aralığında baş verən halları tam təfərrüatı ilə müəyyənləşdirmək niyyətindədir. Təşkilat Kataloniya klubunun bu addımlarının əsl səbəblərini tam aydınlaşdırmaq istəyir. Qeyd edək ki, 2023-cü ildə "Barselona"ya Neqreyraya edilən ödənişlərə görə korrupsiya ittihamı irəli sürülüb. 2001-2018-ci illər arasında Neqreyra hakimlərin işi ilə bağlı guya "Barselona"ya verilən məsləhətlərə görə 7 milyon avrodan çox vəsait alıb. Hakimlər Komitəsinin keçmiş sədr müavininin şirkəti klubun hər ölkə çempionatı və ya İspaniya Kuboku matçından əvvəl "Barselona"nın ofisinə zərflər göndərirmiş. Zərflərdə növbəti matçı idarə edəcək hakimin profilinin təhlili yer alan yazılı hesabat və videoçarxlar olub.
Mənbə
oxu.az