Dünya
Pentaqon İraqdakı əməliyyatı bitirsə də, hərbi zərbələr istisna olunmur
ABŞ hərbi qüvvələri "Sarsılmaz qətiyyət" əməliyyatı başa çatdıqdan sonra belə, İraq ərazisinə zərbələr endirmək ehtimalını qüvvədə saxlayır. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri ABŞ rəsmisinə istinadən məlumat yayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata əsasən, Suriya ərazisindəki yaraqlılara qarşı mübarizə aparmaq məqsədilə missiya İordaniyaya köçürüləcək. Mənbə qeyd edib ki, əgər ABŞ hərbçilərinə və ya Vaşinqtonun maraqlarına hər hansı bir təhlükə yaranarsa, Birləşmiş Ştatlar həmin mövqelərdən İraqa hücum edə biləcək. Bundan əvvəl Pentaqon ABŞ və müttəfiqlərinin İraqdakı "Sarsılmaz qətiyyət" əməliyyatını rəsmən başa çatdırdığını elan edib. Respublikanın Baş naziri Ali əz-Zeydi isə öz növbəsində bildirib ki, koalisiya qüvvələrinin ölkədən çıxarılması "terrorizmlə mübarizənin yekunlaşması anlamına gəlmir", əksinə, "Bağdadın ölkənin təhlükəsizliyinə və sabitliyinə birbaşa özünün cavabdeh olacağı yeni bir mərhələyə keçidi ifadə edir".
Mənbə
oxu.az