Dünya
İlon Mask Pentaqona dəvət olunub
"SpaceX"in prezidenti İlon Mask, "Anduril"in qurucusu Palmer Laki və Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç Pentaqonun gələcək müharibə üsullarını araşdıracaq yeni strukturunun - "Meridian Layihəsi"nin rəhbərliyinə daxil olacaqlar. Oxu.Az "Axios"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset məlumat yayıb. "Biz rəqiblərimizdə olmayan unikal Amerika üstünlüyündən istifadə edirik: sabahkı münaqişələr üçün yaradıcı həllər proqnozlaşdıracaq böyük mütəfəkkirlər və fədakar insanlar olan innovatorlarımızı, yüksək vəzifəli rəhbərlərimizi və texnoloqlarımızı işə cəlb edirik", - deyə Virciniya ştatındakı dəniz piyadaları bazasında çıxış edən Heqset qeyd edib. Nazirin sözlərinə görə, "Meridian Layihəsi" yeni siyasi sənədlərin hazırlanması üçün nəzərdə tutulmayıb. Əvəzində, bu təşəbbüs "fəth etməli olduğumuz sahələri və yiyələnməli olduğumuz imkanları" dərindən öyrənəcək. "Onların fəaliyyəti gələcək nəsillərimizə - uşaqlarımıza və nəvələrimizə lazım olacaq silah və sistemlərin kəşfinə, inkişaf etdirilməsinə və tətbiqinə yönələcək", - deyə Heqset əlavə edib. Palmer Laki "Axios" nəşrinə müsahibəsində bildirib ki, layihə çərçivəsində təkcə müasir dövrün münaqişələri deyil, həm də "2030, 2050 və 2100-cü illərdə aparmağa imkanımızın çatmayacağı müharibələr, eləcə də onların qarşısını almaq üçün ABŞ-nin indidən nə yaratmalı olduğu" barədə ciddi düşünüləcək.
Mənbə
oxu.az