Dünya
Rusiyada general həbs edildi - Foto
Rusiya Silahlı Qüvvələrinin Baş Döyüş Hazırlığı İdarəsinin tədris-maddi baza idarəsinin rəisi vəzifəsində çalışan general-mayor Sergey Nikituşkin saxlanılaraq həbs edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. İndiyədək məsələ və cinayət işi ilə bağlı rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib. Mənbənin bildirdiyinə görə, sentyabrın 30-da axşam saatlarında məhkəmənin qərarı ilə 51 yaşlı hərbçi istintaq təcridxanasına göndərilib. İstintaq orqanları yüksəkrütbəli zabitə qarşı irəli sürülən ittihamların təfərrüatını hələlik ictimaiyyətə açıqlamır. Məlumata görə, Sergey Nikituşkin Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak edib. O, general-mayor ali hərbi rütbəsinə 2024-cü il dekabrın 9-da layiq görülüb. İlkin məlumatlara əsasən, onun xidməti vəzifələrinə Rusiya ərazisində yerləşən tank poliqonlarının müasirləşdirilməsi və yenilənməsi prosesi daxil olub.
Mənbə
oxu.az