Dünya
Makronun Britaniyaya dediyi söz gündəm oldu
Fransa Prezidenti Emmanuel Makron Madriddə keçirilən mətbuat konfransında Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) qayıtmaq qərarı verəcəyi təqdirdə bundan məmnun olacağını bildirib. Oxu.Az BFM telekanalına istinadən xəbər verir ki, Fransa lideri Böyük Britaniyaya müraciət edərək "Qayıdın" ifadəsini işlədib. "Əgər britaniyalılar qayıtmaq istəsələr və baş nazir bu istiqamətdə addım atsa, zənnimcə, bu, həm onun ölkəsi, həm də avropalılar üçün əla xəbər olar", - deyə Makron qeyd edib. Qeyd edək ki, Böyük Britaniyada Aİ ilə daha sıx yaxınlaşma və ölkənin ittifaqa qayıtması perspektivi müzakirə olunur. BFM də bu mövzuda Böyük Britaniyanın Aİ-yə mümkün qayıdışı ilə bağlı müzakirələrin gündəmdə olduğunu qeyd edib. Xatırladaq ki, Böyük Britaniya 1973-cü ildə o vaxtkı Avropa İqtisadi Birliyinə qoşulub. 23 iyun 2016-cı ildə keçirilən referendumda seçicilərin 51.9 faizi ölkənin Aİ-dən çıxmasının lehinə səs verib. Böyük Britaniya 31 yanvar 2020-ci ildə Aİ-ni tərk edib.
Mənbə
oxu.az