Dünya
Netanyahudan İsrailə uçan təyyarədəki QANLI HADİSƏ ilə bağlı açıqlama
İsrailin Baş naziri Binyamin Netanyahu Dubaydan Təl-Əvivə uçarkən qanlı insident səbəbindən məcburi şəkildə Səudiyyə Ərəbistanına istiqamətləndirilən "Flydubai" reysi ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Channel 12" məlumat yayıb. Baş nazirin ofisindən verilən məlumata görə, İsrail hökuməti sərnişinlərin ölkəyə təhlükəsiz şəkildə qayıtması üçün lazımi addımları atır. "Hadisə tam nəzarət altındadır və hazırda israilli sərnişinlərin vətənə sağ-salamat dönməsi üçün bütün tədbirlər görülür", - deyə Netanyahunun dəftərxanasının bəyanatında qeyd olunur. Qeyd edək ki, sentyabrın 30-u səhər saatlarında "Flydubai" aviaşirkətinə məxsus hava gəmisi əvvəlcə 7700 həyəcan siqnalı, daha sonra isə ehtimal edilən qaçırılma halında istifadə olunan 7500 siqnalını ötürüb. Heyətlə rabitə kəsilsə də, bir neçə dəqiqədən sonra yenidən bərpa edilib. Təl-Əvivə yaxınlaşarkən təyyarə qəflətən istiqamətini dəyişərək şəhərdən uzaqlaşmağa başlayıb. Səudiyyə Ərəbistanına eniş etməyə yönləndirilən layner Bakı vaxtı ilə saat 11 radələrində yerə enib. Uçuş zamanı hava gəmisini əvvəlcə İsrail, ardınca isə Səudiyyə Ərəbistanı qırıcıları müşayiət edib. Telekanalın məlumatına əsasən, idarəetmə zamanı pilotlar arasında yaranan mübahisə davaya çevrilib və nəticədə 7700 kodu aktivləşdirilib. Aviaşirkət insidentin baş verdiyini təsdiqləyərək, münaqişənin pilotlardan birinin huşunu itirməsinə qədər davam etdiyini bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər