İdman
Lixtenşteynin baş məşqçisi: "Futbolçularımızın böyük hissəsi müxtəlif peşələrdə çalışır"
"Azərbaycanın yarımmüdafiə və hücum xəttində yaxşı futbolçuları var". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn matçından əvvəl keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk deyib. O bildirib ki, Azərbaycan millisinin Litva ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmanı izləyib: "Həmin oyunu təhlil etmişik. Azərbaycanın yarımmüdafiə və hücum xəttində yaxşı futbolçuları var. Təbii ki, favorit meydan sahibləridir. Amma sabah nəticənin necə olacağını görəcəyik. Əvvəlki matçımızdan üç gün keçib. Malta ilə qarşılaşmadan sonra buraya gəldik. Sabahkı oyunu səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik və yaxşı nəticə qazanmağa çalışacağıq". "Futbolçularımızın böyük hissəsi müxtəlif peşələrdə çalışır. Azərbaycan millisində isə UEFA Çempionlar Liqasında çıxış edən oyunçular var. Son vaxtlar qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın kiçik ölkələrindən biridir. Favorit rəqibdir, bunu anlayırıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik və özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər