İdman
Ferstappen uğursuz nəticəsindən DANIŞDI: "Bolid kenquru kimi tullanırdı"
"Formula-1" üzrə dördqat dünya çempionu, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Bakıda davam edən Azərbaycan Qran-prisində bolidinin mühərrikindən şikayət edib. Oxu.Az xəbər verir ki, Maks bu gün keçirilən sıralama mərhələsində yalnız səkkizinci yeri tutub. "Bütün sıralama mərhələsi ərzində mühərrik lazım olduğu kimi işləmirdi. Biz bolidin sazlamalarında dəyişikliklər etdik, lakin onlar da o qədər uğurlu olmadı. Komanda yoldaşımla müqayisədə düzlüklərdə artıq yarım saniyə geridə qalırdım. Daha sonra üçüncü seqmentdə ortasürətli dövrədə akkumulayator cəmi yarıya qədər dolur, enerji yığmır. Mənə deyirlər: "Batareyanın yarısı ilə bir dövrə vurmalısan". Mən də cavab verirəm: "Rədd olun". Artıq tamamilə özümü itirmişdim. Bütün həftəsonuna belə yaxşı hazırlaşırsan, bolid əla işləyir, sonra isə sıralanma turunda hər şey dağılır və artıq bununla bağlı heç nə edə bilmirsən. Nəticədə final dövrəsində də lazımınca davrana bilmədim. Bundan əlavə, mühərriklə bağlı eyni problem var idi, bolid "kenquru kimi tullanırdı". Nəyinsə ciddi şəkildə qaydasında olmadığı aydındır", - deyə Ferstappen bildirib.
Mənbə
oxu.az