Dünya
Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi dəstək verə bilər"
"Türkiyə Məkkə müqaviləsi çərçivəsində tərəfdaşlıq etdiyi Səudiyyə Ərəbistanı və Pakistana hərbi dəstək verə bilər". Oxu.Az "Newsweek"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Verdiyi müsahibədə dövlət başçısı qeyd edib ki, müqavilə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququna söykənir: "Razılaşmaya əsasən, bu üç dövlətdən hər hansı birinə edilən silahlı hücum bütün tərəflərə qarşı yönəlmiş hücum kimi qəbul ediləcək. Cavab tədbirinin növü isə hücuma məruz qalan ölkənin ehtiyacları və müraciəti əsasında müəyyənləşdiriləcək. Bu cür yardım kəşfiyyat, logistika və ya sursat tədarükü formasında həyata keçirilə bilər. Təhlükənin miqyasından asılı olaraq daha genişmiqyaslı hərbi dəstəyin göstərilməsi də istisna olunmur". Ərdoğan əlavə edib ki, yardımın göstərilməsi prosesi məsləhətləşmələr və koordinasiya yolu ilə tənzimlənəcək. Türkiyə liderinin sözlərinə görə, hazırkı mərhələdə İraq və ya Yəməndə baş verə biləcək istənilən insidentin avtomatik hərbi reaksiyaya səbəb olacağını düşünmək məqsədəuyğun deyil.
Mənbə
oxu.az