Dünya

Avropa İttifaqında müdafiə büdcəsi mübahisəsi: Paris təkləndi

25 Sep 2026, 16:00 3 baxış
Avropa İttifaqında müdafiə büdcəsi mübahisəsi: Paris təkləndi
Avropa İttifaqına (Aİ) üzv olan 12 dövlət təşkilatın gələcək müdafiə proqramlarında bloka daxil olmayan ölkələrin iştirakının məhdudlaşdırılması ilə bağlı Fransanın irəli sürdüyü təklifə etiraz edib. Oxu.Az xəbər verir ki, bu barədə "Euractiv" portalı müvafiq işçi sənədə istinadən xəbər yayıb. Məlumata görə, sənədi imzalayan tərəflər üçüncü ölkələrin Aİ-nin hərbi layihələrində iştirak imkanının saxlanılmasını dəstəkləyirlər. Onların fikrincə, belə bir addım təchizat zəncirini gücləndirməklə yanaşı, maliyyələşdirmənin effektivliyini də artıra bilər. Almaniya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, İtaliya, Latviya, Niderland, Portuqaliya, Rumıniya, İsveç və Sloveniya tərəfindən imzalanan sənəddə qeyd olunur: "Müdafiə hazırlığımızı, xüsusən də hərbi texnikamızın standartlaşdırılmasını və əməliyyat uyğunluğunu təmin etmək üçün sıx əməkdaşlıq etməliyik". Bildirilir ki, fikir ayrılıqları 2028-2034-cü illər üçün Aİ büdcəsinin icrası zamanı Avropa Rəqabətqabiliyyətlilik Fondunun (ECF) vəsaitlərinin istifadəsi ətrafında yaranıb. Ümumi həcmi 2 trilyon avro olan büdcə layihəsində həmin fonda 409 milyard avrodan çox vəsaitin ayrılması təklif edilir. Bunun 175 milyard avrosunun "Horizon" innovasiya və tədqiqat proqramına, 130 milyard avrosunun isə kosmos və müdafiə sahəsinə yönəldilməsi nəzərdə tutulur. Fransa fondun vəsaitləri xərclənərkən "Avropa prioriteti" prinsipinin tətbiqini tələb edir. Parisin mövqeyinə görə, xarici təchizatçılardan asılılığı azaltmaq məqsədilə maliyyə əsasən Aİ ölkələrindən olan istehsalçılara verilməlidir. Bu yanaşmaya ABŞ qarşı çıxır və Brüsseli "NATO-da istehsal olunub" prinsipini rəhbər tutmağa çağırır. Fransanın mövqeyini tənqid edən avropalı diplomatlardan birinin portala bildirdiyinə görə, Paris bu məsələdə təcrid olunmuş vəziyyətdədir. Mənbə hesab edir ki, Avropa İttifaqı milli sənaye naminə güzəştə getməməli və Böyük Britaniya və ya Kanada kimi əsas tərəfdaşlarla strateji müdafiə əlaqələrini daha da möhkəmləndirməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər