Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!
2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğal altında olan torpaqlarını geri qaytardı. Azərbaycan xalqı tarixi zəfərə imza atdı, beynəlxalq hüquq və ədalət bərpa olundu. Bu tarixi zəfərin üç əsas qəhrəmanı var: Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun formalaşdırdığı yenilməz Ordumuz və Xalqımız.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Dövlət Süverenliyi Günü ilə bağlı danışarkən deyib.
“2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatına başladı və bir günün içində ölkəmizin bütün ərazisində suverenliyimizi təmin etdi. Qarabağda, xüsusilə Xankəndidə erməni separatizminin kökü kəsildi, separatçı qüvvələr tərksilah edildi və Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində dalğalanmağa başladı.
Müzəffər Prezidentimiz İlham Əliyevin 2024-cü il 29 sentyabr tarixli sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsdiq edildi. Həmin ildən etibarən bu tarix hər il qeyd olunur. Bu gün tariximizin ən şanlı səhifələrindən birinə çevrilib.
2020-ci ildə torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə isə suverenliyimiz bərpa edildi. Fəxrlə qeyd edirik ki, uzun illər ərzində ərazi bütövlüyü və suverenliyi pozulmuş dövlətlər üçün Azərbaycanın təcrübəsi nümunəyə çevrilib. Bu gün oxşar problemlərlə üzləşən xalqlar Azərbaycan modelini və ölkəmizin təcrübəsini öyrənirlər.
Biz bu tarixləri fəxrlə qeyd edirik. Gələcək nəsillər də öyünəcək ki, Müzəffər Prezidentimiz, Şanlı Ordumuz, xalqımız və şəhidlərimiz birlikdə tarix yazıblar. Bunun sayəsində 30 il ərzində alnımızda olan xəcalət birdəfəlik silindi. Biz qürurlu və vüqarlı millətə çevrildik, öz ləyaqətimizi qoruduq.
Bu baxımdan hesab edirəm ki, Azərbaycan xalqı xoşbəxtdir. Eyni qürur və bəxtəvərlik hissi ilə 20 sentyabrı – Dövlət Suverenliyi Gününü qeyd edirik.
Sonda bildirmək istəyirəm ki, bu qələbəni asan əldə etməmişik. Qan tökmüş, şəhidlər vermişik. Onlar qələbəmiz naminə canlarını fəda ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.