Dünya
"USS Abraham Lincoln" gəmisində narkotik satan hərbçilər həbs ediliblər
ABŞ Hərbi Dəniz Qüvvələrində (HDQ) xidmət edən hərbçi ər-arvad "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin göyərtəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs ediliblər. Bu qeyri-qanuni fəaliyyət nəticəsində dənizçilərdən biri yüksək dozadan həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "The New York Post" (NYP) nəşri məlumat yayıb. Həbs olunduqdan sonra Beyli Şramovski və onun həyat yoldaşı Conni Pumaihealani 2022-ci ildən etibarən gəmi heyətinin üzvlərinə kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər. Məhkəmənin qərarına əsasən, Şramovski 2023-cü ilin yanvarında dənizçilərdən birinin fentanil dozasının həddinin aşılmasından ölümündə günahlandırılır. Bildirilir ki, o, həmkarının vəfatından sonra da həmin mənbədən əldə etdiyi maddələrin satışını davam etdirib. Hər iki təqsirləndirilən şəxs barəsində yekun hökmün dekabrın 11-də oxunması planlaşdırılır. NYP-nin məlumatına görə, Şramovskini 40, Pumaihealanini isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mənbə
oxu.az