Digər

Kənanı kəsib atmaqdan başqa çarə yox idimi?

18 Sep 2026, 15:50 1 baxış
Kənanı kəsib atmaqdan başqa çarə yox idimi?

ADMİU-da təhsil alan 2-ci kurs tələbəsinin (Kənan Zindadil) məlum videosu ilə əlaqədar atılan addımlar fonunda gəncin özünü müdafiə xarakterli paylaşımları həm sosial şəbəkələrin, həm də mətbuatın müzakirə predmetinə çevrilib. “Bu universitetə əziyyət çəkib hazırlaşmışam. Heç bir kəsirim, qayıbım olmayıb. Oxuduğuma görə təqaüd alırdım. Müəllimlərə qarşı həmişə hörmətli olmuşam”, - deyir gənc. Düşündürücüdür...


Əvvəlcə, bunu sual edək ki, bir tələbə bu çıxışına görə universitetdən qovulmalıydı?


Biz “qaqaş” stilində çıxış edib, qayda-qanunlar qoyan, hədə-qorxular gələn gənci ən sərt, ən son hədd olan kəsib atmaqla cəzalandırmalıydıq? Cəmiyyət üçün kim hazırlayırıq?


Düzdür, həmin çıxışda təhqir, aqressiv ifadələr və təhdid kimi qəbul edilə biləcək fikirlər səslənib. Bu davranışa münasibət bildirilməli, hətta hüquqi və intizam tədbirləri görülməliydi, görülməsi də başadüşüləndir.


Amma burada daha böyük bir sual ortaya çıxır: universitetin əsas funksiyası yalnız cəzalandırmaqdır, yoxsa həm də düzəltmək, öyrətmək və insan yetişdirmək?


Söhbət məktəbdən yox, ali təhsil müəssisəsindən gedir. Məlum şəxs artıq yetkinlik yaşına çatmış bir gəncdir, amma eyni zamanda hələ formalaşmayıb. Davranışlarının fərqində belə deyil, nəticələrini görə bilmir, başqalarının sərhədlərinə hörmət etməyi bacarmır və ən pisi də diqqət çəkmək üçün bütün yollara – hətta təhdidə, hədə-qorxuya əl atır. Onun səhvinə görə məsuliyyət daşıması mütləqdir, amma həmin səhvdən nəticə çıxarması, belə deyək, “islah olunması” üçün ona imkan yaradılması təhsil prosesinin bir hissəsi deyil? Universitet bu qərarı verənə qədər tələbəni çağırıb, ona davranışının nə anlam daşıdığını, məsuliyyətini, baş verə biləcəkləri izah etmişdimi?


Qovulma son həddir, ən asan yolxudr. Bəs, ona qədər bu təhsil müəssisəsi tələbəsini tərbiyələndirməyə, onu ilkin xəbərdarlıq, töhmətlə doğru yola dəvət etməyə çalışmışdımı?


Məsələni sadəcə “tələbə haqlıdır, universitet haqsızdır” formasında təqdim etmək doğru olmaz. Çünki söhbət universitetə yeni daxil olmuş tələbələrin təhqir olunması və onların özlərini təhlükəsiz hiss etməsi məsələsindən gedir. Təhsil mühitində heç kəsin başqasını qorxutmaq, alçaltmaq və təhdid etmək haqqı yoxdur.


Qısası, məsələ “qovulsun, yoxsa qovulmasın?”sualı ətrafında dönmür.


Məsələ universitetin niyə bu addımı atması məsələsi də deyil!


Universitet mütləq olaya münasibət bildirməli və qərar verməliydi. Qərar da verib.


Sual budur: qərar bir insanın taleyini dəyişəcək səviyyədə çox sərt deyilmi? Onu islah etmək heçmi mümkün deyildi ki, son tədbirə əl atılıb? Gənci bu cür dışlamaqla daha aqressiv etmirikmi?


Məqsədiniz sağlam universitet mühiti və məsuliyyətli gənclər yetişdirməkdirsə, onda cəzanın özü qədər, həmin cəzanın nə öyrətdiyi barədə də düşünün.

Mənbə axar.az

Oxşar Xəbərlər