Siyasət

Bakıdan Bişkekə uzanan mənəvi dəhliz: Türk gəncliyi yad təsirlərdən necə qorunmalıdır?

17 Sep 2026, 21:46 2 baxış
Bakıdan Bişkekə uzanan mənəvi dəhliz: Türk gəncliyi yad təsirlərdən necə qorunmalıdır?
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərlə bağlı səsləndirdiyi fikirlərin mahiyyəti kifayət qədər dərindir. Çünki bu gün dövlətlərin təhlükəsizliyi artıq yalnız sərhəddə, orduda və xüsusi xidmət orqanlarında təmin edilmir. Mübarizənin mühüm bir hissəsi insanların düşüncəsi, milli kimliyi və xüsusilə gənclərin şüuru uğrunda gedir". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti illər ərzində sistemli şəkildə inkişaf etdirilib: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə gənclərə yalnız dövlətin qayğı göstərməli olduğu sosial təbəqə kimi deyil, ölkənin inkişafında iştirak edən böyük qüvvə kimi yanaşılıb. Təhsil, idman, innovasiya, dövlət idarəçiliyi, ictimai həyat və digər sahələrdə gənclərin önə çıxması bunun nəticəsidir. Amma müasir dövr qarşıya tamamilə yeni çağırışlar çıxarır. Əvvəllər başqa ölkəyə təsir etmək üçün onun sərhədini keçmək lazım idi. İndi bəzən bir telefon ekranını keçmək kifayətdir. Sosial şəbəkələr, müxtəlif informasiya platformaları və xaricdən idarə olunan təsir mexanizmləri vasitəsilə ilk növbədə gənclərin düşüncəsinə təsir göstərməyə çalışırlar. Çünki gəncliyi öz milli kimliyindən uzaqlaşdırmaq istəyən qüvvələr yaxşı anlayırlar: sabahın dövlətinə təsir etməyin ən qısa yolu bugünkü gəncin düşüncəsinə təsir etməkdir". Deputat əlavə edib ki, milli-mənəvi dəyərlər məsələsini köhnəlmiş anlayış kimi təqdim etməyə çalışan yanaşmaların özü ciddi suallar doğurur: "Müasir olmaq öz kimliyindən imtina etmək deyil. Dünyaya açıq olmaq milli yaddaşını bağlamaq demək deyil. Azərbaycan gənci müasir texnologiyanı bilməli, xarici dillərə yiyələnməli, dünyanın aparıcı universitetlərində oxumalı, qlobal proseslərin içində olmalıdır. Amma haradan gəldiyini, hansı xalqa mənsub olduğunu və hansı dövlətin maraqlarını qoruduğunu da bilməlidir. Azərbaycanın təcrübəsi göstərir ki, xaricdən maliyyələşən və milli maraqlara qarşı fəaliyyət göstərən qruplar cəmiyyətdə geniş sosial baza qazana bilmirlər. Belə strukturların marjinal mövqedə qalmasının əsas səbəblərindən biri cəmiyyətin milli məsələlərdə kifayət qədər möhkəm immunitetə malik olmasıdır. Lakin bu, təhlükənin olmadığı anlamına gəlmir. Əksinə, metodlar dəyişir, informasiya texnologiyaları inkişaf edir və təsir vasitələri daha incə formalar alır". V.İskəndərov əlavə edib ki, məhz buna görə Prezident İlham Əliyevin məsələyə TDT müstəvisində yanaşması xüsusi əhəmiyyət daşıyır: "Türk dövlətlərinin gəncləri arasında əlaqələr yalnız festival və mədəni tədbirlərlə məhdudlaşmamalıdır. Ortaq gənclər forumları, tələbə və ekspert platformaları, media və rəqəmsal layihələr, qarşılıqlı səfərlər və davamlı fikir mübadiləsi daha sistemli xarakter almalıdır. Gəncləri sadəcə dinləyici auditoriyasında oturtmaq deyil, onları danışdırmaq, nə düşündüklərini öyrənmək və qərarların müzakirəsinə cəlb etmək lazımdır. Burada söhbət eyni düşünən gənclər yetişdirməkdən getmir. Əksinə, sağlam düşünən, mübahisə etməyi bacaran, dünyanı tanıyan, amma milli maraq məsələsində istiqamətini itirməyən nəsildən gedir. Türk dünyasının gələcəyi yalnız imzalanan sənədlərdə, nəqliyyat dəhlizlərində və enerji layihələrində deyil. O gələcək həm də Bakıda, Ankarada, Daşkənddə, Astanada və Bişkekdə böyüyən gənclərin bir-birini nə qədər tanımasından və ortaq mənsubiyyət hissini nə qədər yaşatmasından asılı olacaq. Çünki sərhədi əsgər qoruyur, milli yaddaşı isə nəsillər qoruyur. Güclü dövlət üçün hər ikisi lazımdır".
Bakıdan Bişkekə uzanan mənəvi dəhliz: Türk gəncliyi yad təsirlərdən necə qorunmalıdır? Bakıdan Bişkekə uzanan mənəvi dəhliz: Türk gəncliyi yad təsirlərdən necə qorunmalıdır?
Mənbə oxu.az

Oxşar Xəbərlər