Dünya
Avropa Komissiyası: "Ötən yay istilər 35 min insanın həyatına son qoyub"
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentindəki çıxışı zamanı dəhşətli bir göstəricini açıqlayıb. O qeyd edib ki, ötən yay Avropada ölüm sayı adi statistik göstəricilərdən təxminən 35 min nəfər çox olub. Oxu.Az-ın Kp.ru-ya istinadən verdiyi məlumata görə, bu kəskin artımın əsas səbəbi anomal istilər olub. "İsti hava dalğaları nəticəsində otuz beş min ölüm halı... Qocalar evləri və xəstəxanalar təhlükəli dərəcədə isinmişdi. Bütün bunlar gələcəkdə bizi nələrin gözlədiyinin yalnız başlanğıcıdır", - deyə AK rəhbəri vurğulayıb. O, həmçinin xüsusi olaraq diqqətə çatdırıb ki, Avropa qitəsi planetin orta göstəricisi ilə müqayisədə iki dəfə tez isinir. Bundan əlavə AK rəhbəri qeyd edib ki, yaranan təzyiqlərə və xərclərə baxmayaraq, Avropa İttifaqı müəyyən etdiyi iqlim hədəflərindən geri çəkilmək niyyətində deyil.
Mənbə
oxu.az