Digər

Bakıda ermənilərlə birgə vuruşan və əsir alınan iranlılar...

15 Sep 2026, 12:08 2 baxış
Bakıda ermənilərlə birgə vuruşan və əsir alınan iranlılar...

1918-ci il. Azərbaycan Cümhuriyyəti bütün dünyaya müstəqillik bəyanatını göndərməsinə baxmayaraq, Bakı rus-erməni və gürcülərin əlində idi. Rusiyada başda Lenin olmaqla, bolşeviklərin ən böyük hədəfi bu şəhəri əldən verməmək idi.


Bakı o dövrün Çanaqqalası idi.


Bunu biz Bakı azad olunandan sonra öldürülən və əsir düşən millətlərdən görə bilərik. Bakı işğaldan azad olunan gün qoçular və Qafqaz İslam Ordusu tərəfindən azərbaycanlılara qarşı vuruşan 17 yüksək rütbəli erməni zabit, 9 yüksək rütbəli rus zabit, 10 gürcü zabit, 1151 erməni əsgər, 383 rus əsgər, 4 ingilis əsgər və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürülüb. Qafqaz İslam Ordusuna qarşı döyüşdə iştirak edib əsir düşən İrandan gəlmiş 100-dən çox zabit və əsgər var idi.


Leninin idarəsi altında fəaliyyət göstərən Stepan Şaumyan və Mikoyana Rusiya, Fransa, Amerika, İran və digər dövlətlər tərəfindən tapşırılan “Böyük Ermənistan yaratmaq” planı 15 sentyabr günü məhv edildi.


Biz Nuru Paşa başda olmaqla, Qafqaz İslam Ordusunun dəstəyini əsla unutmayacıq. Məhz onların da gəlməsi Bakının Azərbaycan şəhəri olmasına rəvac verdi. Lakin bu mövzuda yazanlar elə bir atmosfer yaradırlar ki, sanki Azərbaycan xalqı və xüsusilə də işğal altında olan bakılılar heç bir şey etməyiblər və şəhər ancaq ordunun sayəsində azad olub.


Elə olmayıb! Onsuz da Bakıda və Azərbaycanın digər bölgələrində Leninin planına qarşı döyüşlər gedirdi. Ermənilər və ruslara qarşı hər cür mübarizə aparılırdı. Bakıda sayılan pullu kişilər və döyüş təcrübəsi olan qoçu adlandırılan hörmətli kişilərlə yanaşı, əhali var gücü şəhərin azad olunması üçün savaş aparırdı.


Təkcə bir faktı yazacam: Bakı qəsəbələrinin sakinləri əsgərlərə çörək və ərzaq apararkən, tabaqların altına və çörəklərin içinə gizli şəkildə qızıl pullar və qiymətli əşyalar qoyurdular ki, Qafqaz İslam Ordusunun ehtiyacları qarşılansın.


Məncə, bu, Azərbaycan xalqının Bakının azadlığı üçün necə mübarizə apardığını anlamağa kifayət edir!


Mərdəkan, Bilgəh, Maştağa, Nardaran və digər kənd sakinləri dəniz və quru yol ilə Qafqaz İslam Ordusunun şəhərə daxil olması üçün təkcə kəşfiyyat məlumatları deyil, eyni zamanda partizan hərəkatları təşkil etmişdilər.


Bakı ağsaqqallarının çağırışı ilə silahlı gənclər toplanaraq könüllü dəstələr qurmuşdular. Bu dəstələr həm cəbhədə türklərlə çiyin-çiyinə vuruşur, həm də şəhər daxilində rus-erməni və gürcülərin dinc müsəlman əhaliyə qarşı törədə biləcəyi yeni qırğınların qarşısını alırdılar.


Onlar kiçik qruplara bölünərək gecələr ingilis və erməni səngərlərinə qəfil partizan basqınları təşkil edir, düşmənə elə zərbələr vururdular ki, onlar geri çəkilməyə məcbur olurdular.


Döyüşlərdə yaralanan türk əsgərləri üçün yerli sakinlər öz evlərinin qapılarını açmışdılar. Bakılı qadınlar könüllü tibb bacısı kimi yaralıları müalicə edir, onlara qulluq edirdilər.


Döyüşlərdə Azərbaycanın ilk nizami hərbi birliyi olan Əlahiddə Azərbaycan Korpusu da iştirak edirdi. Hərbi nazirin müavini, dahi artilleriya generalı Əliağa Şıxlinski və polkovnik Həbib bəy Səlimovun rəhbərliyi altındakı azərbaycanlı əsgərlər və zabitlər türk ordusunun tərkibində strateji hücum əməliyyatlarını idarə edirdilər. Yerli topçular Qurd qapısı yüksəkliyindən düşmən mövqelərini darmadağın edirdilər.


Bu gün çoxları yazır ki, Mürsəl Paşa şəhəri top atəşinə tutanda tarixi binaları qoruyub. Xeyr, əzizlərim, bu topları idarə edən Əliağa Şıxlinski idi və onun əmri ilə şəhərdə yüzlərlə tarixi bina və dini abidə sağ çıxmışdı o günlərdən.


Həbib bəy Səlimovun başçılığıı ilə zirehli qatarda olan Azərbaycan əsgərləri Biləcəri və Xırdalan istiqamətində düşmən xətlərini atəşə tutur, piyada qoşunların irəliləməsinə şərait yaradırdı. Məhz bunun sayəsində düşmənlərin dəmir yolu vasitəsilə qaçmasının və ya əlavə qüvvə gətirməsinin qarşısını tamamilə alındı.


Məhz bu əsgərlər və Həbib bəyin sayəsində sentyabrdan 15-nə keçən gecə Bakıya edilən son böyük hücumda Qurd qapısı tərəfdən müdafiə xəttini yararaq şəhərin içərilərinə doğru irəlilədilər və Bakının azadlığı bu hücumdan sonra reallaşdı.


Bakının azad edilməsindən sonra bu korpusun əsasında rəsmi Azərbaycan Milli Ordusu formalaşdırıldı və bu gün Azərbaycan suveren bir respublikadırsa, məhz onların bizə miras qoyduğu ordu sayəsindədir. Babalarının yolunu Azərbaycan əsgərləri və zabitləri uğurla davam etdirir.


Əlbəttə, Qafqaz İslam Ordusunun xidməti misilsizdir, ancaq bizim Azərbaycan Əlahiddə Korpusunun, Azərbaycan xalqının, qoçuların, yerli sakinlərin, hörmətli kişilərin və o dövrdə evində olan son ərzağı paylaşan, tibb bacısı kimi evində yardımlar edən xanımların zəhmətini yerə vurmaq olmaz.


Bakı azaddırsa, Azərbaycan müstəqildirsə, məhz bu insanların bütövlükdə əməyi, zəhməti, qanı sayəsində olub.


Allah Azərbaycanı qorusun!

Mənbə axar.az

Oxşar Xəbərlər