Şou biznes
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO
ABŞ-də "Monza Car" hərracında "pop musiqisinin kralı" Maykl Ceksonun anasına aid olan 1984-cü il istehsalı "Rolls-Royce Silver Spur" avtomobili satışa çıxarılıb. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, nəqliyyat vasitəsi 1984-cü ildə musiqiçi, eləcə də onun bacı və qardaşları tərəfindən Analar günü münasibətilə hədiyyə olaraq alınıb. Avtomobilin hazırkı sahibi onu 1999-cu ildə əldə edib və maşının ideal vəziyyətdə olduğunu bildirir. Söhbət 6.75 litrlik V8 mühərriki və avtomat sürət qutusu ilə təchiz edilmiş "Silver Spur" sedanından gedir. Avtomobilin yürüş məsafəsi 73 274 mil və ya təxminən 118 min kilometrdir. Maşının banı bej rəngdədir, salonu isə açıq tonlarda tərtib edilib. Hərracda avtomobillə yanaşı "BWLYM" dövlət nömrə nişanı da təqdim olunur. Satıcının versiyasına görə, bu hərflər "Because We Love You Mother" (Çünki biz səni sevirik, ana) ifadəsinin qısaltmasıdır. Həmçinin, "Rolls-Royce"a nəqliyyat vasitəsinin tarixçəsini təsdiqləyən orijinal sənədlər də əlavə olunub. Qeyd edək ki, eyni "Rolls-Royce" 2025-ci ilin dekabrında "Cars & Bids" platformasında da hərraca çıxarılmışdı. O zaman auksion 10 500 dollar göstəricisi ilə başa çatsa da, müəyyən edilmiş ehtiyat qiymətə çatmaq mümkün olmamışdı.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az