Dünya
Çinin avtomobil bazarında tənəzzül: Satışlar xeyli azaldı
Keçən ay Çinin avtomobil bazarında satış üzrə geriləmə müşahidə edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına əsasən, ölkədə yeni avtomobillərin pərakəndə satışı ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalaraq 1.54 milyon ədəd təşkil edib. İri istehlak xərclərinə mənfi təsir göstərən uzunmüddətli daşınmaz əmlak böhranı fonunda ilin əvvəlindən bəri satışların həcmi aşağı düşüb. Belə bir vəziyyətdə daxili bazardakı sərt qiymət müharibəsinin təsirlərini azaltmağa çalışan Çin istehsalçıları, həmçinin "Tesla" da daxil olmaqla xarici brendlər ixracı fəal şəkildə artırırlar. Daxili tələbatın zəifləməsi şirkətləri gəlirliliyin daha yüksək və rəqabətin nisbətən az aqressiv olduğu xarici bazarlara çıxış axtarmağa məcbur edir. Mütəxəssislər satışların davamlı azalmasını Çindəki ümumi iqtisadi qeyri-müəyyənlik, eləcə də bazarın həddindən artıq yüklənməsi ilə əlaqələndirirlər. İstehsalçılar getdikcə daha çox yeni modellər təklif etsələr də, əhalinin alıcılıq qabiliyyəti məhdud səviyyədə qalmaqdadır. Elektromobil alışı üçün dövlət subsidiyalarının tədricən ləğv edilməsi də tələbata öz təsirini göstərərək mövcud vəziyyəti daha da gərginləşdirir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər