Digər
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan "Bir"in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməyi və ölkənin texnoloji potensialının güclənməsinə dəstək olmağı hədəfləyir. Bir, "Azerconnect", "Azercell", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), "Unibank" və Türkiyənin "Innovance" kimi aparıcı maliyyə, texnologiya və telekommunikasiya şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılan platformanın əsas məqsədi birgə əməkdaşlıq vasitəsilə ölkənin rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini gücləndirməkdir. "MoveUP" icması texnologiya peşəkarlarını, akademik dairələri və sənaye tərəfdaşlarını bir araya gətirərək, ortaq çağırışların müzakirəsi və onların həlli üçün əməkdaşlıq mühiti yaradır. Təşəbbüs beynəlxalq təcrübənin paylaşılmasına, yerli peşəkarların inkişafına, süni intellektin (AI) tətbiqinin sürətləndirilməsinə və bu sahədə yeni yanaşmaların formalaşmasına imkan yaradacaq. Təsisçilərin birgə bəyanatında bildirilir: "Azərbaycanın rəqəmsal sektorunun gələcəyi yalnız güclü şirkətlərdən deyil, həm də güclü peşəkar icmadan asılıdır. "MoveUP" fərdlərin və təşkilatların bir-birindən öyrənəcəyi, təcrübə mübadiləsi aparacağı və birlikdə inkişaf edəcəyi bir məkan yaratmaq deməkdir". İlk "MoveUP" tədbiri icmanın fəaliyyətinə start verdi Açılış tədbirində təsisçi üzvlər, o cümlədən "Bir"in rəhbər heyətinin üzvləri, "MoveUP"ın Azərbaycanın texnoloji inkişafındakı rolundan danışıblar. Çıxışlarda icmanın yerli texnologiya ekosistemi ilə beynəlxalq təcrübə arasında körpü yaradacağı, aparıcı şirkət və peşəkarları Azərbaycanın Qafqazın texnologiya mərkəzinə çevrilməsi kimi ortaq məqsəd ətrafında birləşdirəcəyi vurğulanıb. Tədbirdə çıxış edən Bir nümayəndələri həmçinin, "MoveUP"ın gənc istedadların süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirməsinə, eləcə də qlobal texnologiya icması ilə əlaqələr qurmasına imkan yaradacağı qeyd olunub. "MoveUP" icmasına qoşulmaq üçün: moveup.az "Bir" Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda beş milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir" Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur. Daha ətraflı: bir.az
Mənbə
oxu.az