Cəmiyyət
Biləcəri istiqamətindəki yol nə vaxt istifadəyə verilir? - AÇIQLAMA
"Şamaxinka" adlanan ərazidən Sumqayıt yolu istiqamətində hərəkət sentyabrın 6-da səhər saat 05:00-dan etibarən bərpa olunub". Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, paytaxtın Binəqədi rayonu, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işlərinin bir hissəsi başa çatdırılıb. A.Nəcəflinin sözlərinə görə, ərazidə təmir işləri gecə saatlarında da fasiləsiz davam etdirilib və yolun Sumqayıt istiqamətində olan hissəsində işlər yekunlaşdırılaraq nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradılıb. "Hazırda Sumqayıt yolu istiqamətində hərəkət açıqdır. Biləcəri istiqamətində isə təmir işləri davam etdirilir. Həmin istiqamətdə də işlərin tamamlanaraq sentyabrın 7-də səhər saatlarından etibarən yolun hərəkətə açılması nəzərdə tutulur", - Anar Nəcəfli qeyd edib.
Mənbə
oxu.az