Dünya
Mərmərə dənizində qəza: Türkiyədə Silivri sahillərində batmış gəminin yeri dəqiqləşdi
Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "ALSU" gəmisi ilə toqquşduqdan sonra batan "Tuğberk İmamoğlu" gəmisinin qalıqlarının olduğu yer təsdiqlənib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, qalıqlar qəza yerindən təxminən 50 metr məsafədə, 720 metr dərinlikdə yerləşir. Qalıqları qəti şəkildə müəyyən etmək üçün əraziyə ROV (uzaqdan idarə olunan sualtı vasitə) endirilib. Dənizin dərinliyini çəkən ROV qalıqların üzərində "Tuğberk İmamoğlu" adını görüntüləyib. Beləliklə də sonar skanları ilə müəyyən edilən batmış gəmi qalıqlarının "Tuğberk İmamoğlu"ya aid olduğu təsdiqlənib. Qeyd edək ki, daha əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus və qəza bölgəsində ilk gündən fəaliyyət göstərən "TCG Akın" xilasetmə və dəstək gəmisi batmış gəmini tapdığını açıqlamışdı. Gəmidə olan 10 nəfərlik isə heyət hələ ki tapılmayıb. Axtarış-xilasetmə əməliyyatları davam edir. Xatırladaq ki, sentyabrın 2-də Türkiyə bayrağı altında üzən, Kocaelidən Aliağaya doğru hərəkət edən "ALSU" adlı ticarət gəmisi ilə İskenderun limanından Karadeniz Ereğliyə istiqamətlənən "Tuğberk İmamoğlu" ticarət gəmisi toqquşub. Qəzadan sonra "Tuğberk İmamoğlu" gəmisinin 10 nəfərlik heyəti ilə əlaqə kəsilib. Hadisə ilə bağlı İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində iki nəfər həbs edilib. "ALSU" gəmisinin aşpazı istisna olmaqla, 10 nəfərlik heyətindən 9 nəfəri şübhəli qismində dindirilib. İfadələri gəmidə alınan altı şübhəli hakim qarşısına çıxarılıb. Məhkəmə "ALSU" gəmisinin birinci və üçüncü kapitanları barəsində həbs qətimkan tədbiri, digər dörd şəxs barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçib.
Mənbə
oxu.az