Cəmiyyət

Çarıqla qət edilən maarif yolu: İrəvandan Ağstafaya uzanan fədakar ömür salnaməsi

05 Sep 2026, 17:52 3 baxış
Çarıqla qət edilən maarif yolu: İrəvandan Ağstafaya uzanan fədakar ömür salnaməsi
İrəvanda Azərbaycan maarifçilik mühiti zəngin və uğurlu inkişaf yolu keçib. Bu yolu işıqlandıran, Azərbaycan maarifçiliyinə, təhsil sisteminə və cəmiyyətin intellektual dirçəlişinə mühüm töhfələr verən çoxsaylı ziyalılar olub. Belə maarifçilərdən biri də pedaqoq, jurnalist və ictimai xadim Heydər Ramazan oğlu Əliyevdir. Heydər Əliyev 1912-ci ildə İrəvan quberniyasının Qəmərli rayonunun Məsimli kəndində anadan olub. 1918-ci il hadisələri zamanı hər iki valideynini itirib və bir müddət əmisinin himayəsində yaşayıb. O, 1927-ci ildə ibtidai məktəbi, 1929-cu ildə isə Qəmərli natamam orta məktəbini bitirib. 1930-31-ci illərdə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin nəzdində fəaliyyət göstərən birillik müəllimlik kursunda təhsil alıb. 1931-32-ci illərdə Vedi rayonunun Avşar kənd yeddiillik məktəbində direktor və müəllim işləyib. Məktəblərin tədris-təchizat məsələlərinin yaxşılaşdırılması, şagirdlərin təhsilə cəlb olunması və digər təşəbbüsləri onun fədakar pedaqoji fəaliyyətinin əsas istiqamətlərindən olub. 1932-ci ildə İrəvan Kooperativ Texnikumunun türk bölməsinin hesabdarlıq ixtisasına daxil olan Heydər Əliyev 1935-ci ildə təhsilini başa vurub. Həmin ilin iyunundan 1936-cı ilin iyununa qədər Qarabağlar rayonunun Kolanı kəndində hesabdar, eyni zamanda yeddiillik məktəbdə müəllim kimi fəaliyyət göstərib. Heydər Əliyev İrəvan qəzasının mədəni-ictimai həyatında fəal iştirak edən tanınmış müəllimlərdən biri olub. O dövrdə ucqar kəndlərə gedən yolların və nəqliyyat vasitələrinin yox dərəcəsində olması səbəbindən müəllimlər kəndlərə çox vaxt piyada gedirdilər. Heydər müəllim də digər həmkarları kimi çarıq geyinərək uzaq kəndlərə piyada gedib. Maarifçilik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev mətbuat sahəsində də xidmətləri ilə tanınıb. 1936-cı ildə Ermənistan Xalq Maarif Nazirliyinin attestasiya komissiyası qarşısında imtahan verərək ibtidai məktəb müəllimi hüququ qazanıb. İrəvanda 1924-cü ildən Azərbaycan dilində "Zəngi", 1929-cu ildən isə "Qızıl şəfəq" adı ilə nəşr olunan mətbuat orqanlarında onun çoxsaylı yazıları dərc edilib. Yazılarında dövrün maarifçilik və quruculuq proseslərinə obyektiv münasibət bildirmək əsas məqsədlərindən biri olub. 1936-cı ilin iyulundan 1937-ci ilin sentyabrına qədər Qarabağlar (Vedi) rayonunun Qaraxaç kəndində hesabdar və məktəbdə müəllim işləyib. 1937-ci ildə Maarif Nazirliyi tərəfindən Qəmərli rayon tam orta məktəbinə tədris hissə müdiri təyin olunub. 1941-ci ilədək həmin məktəbdə müəllim və tədris hissə müdiri vəzifələrində çalışıb. 1937-41-ci illərdə rayon maarif şöbəsində azərbaycanlı şagirdlərlə iş üzrə metodist, eyni zamanda, məktəblər üzrə müfəttiş kimi fəaliyyət göstərib. Səmərəli pedaqoji fəaliyyətinə görə 1940-cı ildə "Əməkdar müəllim" adına layiq görülüb. Həmin il İrəvan Azərbaycanlı Qiyabi Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə daxil olub. 1941-ci ildə ikinci kursda təhsil alarkən könüllü olaraq Böyük Vətən müharibəsinə yollanıb. 1942-ci ildə yaralanaraq ordudan tərxis edilib. 1942-43-cü illərdə Qəmərli rayonunun Çiləxanlı kənd natamam orta məktəbində direktor və müəllim işləyib. 1943-cü ilin sentyabrından 1947-ci ilin sentyabrına qədər Qəmərli Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışıb. Heydər müəllim ömrünün böyük hissəsini müəllimliyə həsr edib. Xidmətlərinə görə 1945-ci ildə "Qafqazın müdafiəsinə görə", 1946-cı ildə isə "Almaniya üzərində qələbə" və "Rəşadətli əməyə görə" medalları ilə təltif olunub. 1947-ci ilin sentyabrından 1949-cu ilin avqustuna qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında ikiillik Respublika Partiya Məktəbinin müdavimi olub. Rus və erməni dillərini də yaxşı bilən Heydər Əliyev 1948-53-cü illərdə həyata keçirilən köçürülmə zamanı 1949-cu ilin martında Azərbaycanın Ağstafa rayonuna deportasiya edilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2 sentyabr 1949-cu il tarixli Büro iclasının qərarına əsasən, Ağstafa Rayon Partiya Komitəsinin Təbliğat və Təşviqat Şöbəsinin müdir müavini - partiya kabinetinin müdiri vəzifəsinə təyin olunub. Heydər Əliyev sonrakı illərdə də müxtəlif vəzifələrdə çalışıb. 1951-ci ildən Ağstafa Rayon Partiya Komitəsinin Təbliğat və Təşviqat Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib və 1960-cı ilədək bu vəzifədə işləyib. 1960-cı ilin mayından isə Qazax rayonunun "Lenin" adına kolxoz idarə heyətinin sədri vəzifəsində çalışıb. Heydər Ramazan oğlu Əliyevin həyatı və fəaliyyəti Azərbaycan maarifçiliyinin, təhsilinin və ictimai-mədəni həyatının inkişafına həsr olunmuş nümunəvi ömür yolu kimi qiymətləndirilir. İşıqlı insanlar fiziki yoxluqlarından sonra da yaşamaqda davam edirlər. Onların geridə qoyduğu xeyirxah əməllər, xidmətlər və mənəvi irs nəsillərdən-nəsillərə ötürülür. Heydər müəllimi bu gün də ehtiramla xatırladan əsas məqam onun Azərbaycan təhsilinə və maarifçiliyinə verdiyi töhfələrdir. "Yeni Azərbaycan" qəzeti
Mənbə oxu.az

Oxşar Xəbərlər