Dünya
ABŞ-nin İrana qarşı iqtisadi təzyiq əməliyyatına Aİ də qoşuldu
Avropa İttifaqı rəsmi olaraq ABŞ-nin İrana iqtisadi təzyiqləri nəzərdə tutan əməliyyatının iştirakçısı olub. Oxu.Az-ın məlumatına görə, bu açıqlama ilə Amerika Birləşmiş Ştatlarının maliyyə naziri Skott Bessent çıxış edib. Nazir vurğulayıb ki, Vaşinqton Avropa İttifaqının nümayiş etdirdiyi "qəti və zamanında atılmış addımını" təqdir edir. Bessent bildirib ki, ABŞ və tərəfdaşları İranın qlobal maliyyə imkanlarından yararlanaraq nüvə hədəflərini, silahlanma layihələrini və proksi terror qruplaşmalarını dəstəkləməsinin qarşısını almaq əzmindədirlər. "Dünya İran rejiminə aydın bir mesaj göndərir: qalan bütün maliyyə kanalları kəsilənə qədər dayanmayacağıq", - deyə S.Bessent özünün "X" sosial şəbəkə hesabında qeyd edib. Xatırladaq ki, Skott Bessent İrana qarşı "İqtisadi qovulmuş" adlı əməliyyatın başlanmasını avqustun 24-də bəyan edib. Bu təşəbbüs Tehranla ticari əlaqələri olan ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini ehtiva edir. Yeni strategiya daxilində ABŞ Maliyyə Nazirliyi qlobal miqyasda 60 qurum, fiziki şəxs və gəmini əhatə edən yeni sanksiyalar siyahısını təsdiqləyib.
Mənbə
oxu.az