Zelenskinin bəyanatı Rusiyaya ciddi təsir göstərəcək
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın hava məkanı ilə bağlı səsləndirdiyi fikir əksər ölkələr tərəfindən ciddiyə alındı və bəzi müvafiq addımlar atıldı. Hətta Türkiyənin bəzi aviaşirkətləri Rusiyanın mərkəzi şəhərlərinə uçuşları ləğv edib.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
“Ukraynanın bu addımı Rusiyanın aviaşirkətləri üçün kifayət qədər ciddi problem yaradacaq, hətta xarici bağlantılarına zərər verəcək. Fikrimcə, bir çox ölkə bununla bağlı düşünməli olacaq. Bəli, ilk addım atan ölkələrdən biri Türkiyədir. Çünki daha təhlükəli ərazilər Rusiyanın Avropa hissəsidir. Məhz qərb və cənubdan gələn təyyarlərin hərəkətində təhlükəsizlik baxımdan ciddi problemlərin olduğunu demək də mümkündür.
Avropa ölkələrinə gəldikdə isə, onlar Rusiya ilə əlaqələri kifayət qədər məhdudlaşdırıblar. Bu baxımdan, məsələlərə də diqqətlə yanaşacaqlar.
Qısaca desək, hər gün Ukraynadan Rusiya hava səmasına yüzlərlə dron buraxılır. Həmin dronlar Rusiyanın dərinliklərinə qədər gedə bilirlər. Bu da hava məkanında xaotik vəziyyət yaradır. Bu baxımdan digər dövlətlər də bu məsələ ilə bağlı müvafiq qərar qəbul edəcəklər”, - deyə siyasi şərhçi qeyd edib.