Dünya
Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq
Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanuna yenidən baxmaq fikrində deyil. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib. "Bu qanunun qəbul edilməsi düzgün addım idi. Hazırda gedən prosesi isə müsbət qiymətləndirirəm", - deyə o vurğulayıb. Paşinyan qeyd edib ki, bu qərar artıq Ermənistana ciddi beynəlxalq nəticələr verib. Hökumət başçısı həmçinin bildirib ki, təşəbbüs qüvvəyə minənə qədər Ermənistan ictimaiyyətində ölkənin müstəqil xarici siyasət xətti formalaşdırmaq üçün real imkanlarının olmasına dair ciddi şübhələr səslənirdi. Onun sözlərinə görə, qanun təsdiqləndikdən sonra bu kimi skeptik yanaşmalar tamamilə dayanıb. Baş nazir bu istiqamətdə konkret olaraq hansı addımların atılacağını açıqlamayıb, lakin hökumətin qəbul edilmiş qanunvericilik çərçivəsində fəaliyyətini davam etdirəcəyini söyləyib.
Mənbə
oxu.az