Dünya
Pentaqon hərbçilər üçün məcburi testosteron yoxlaması tətbiq edir
ABŞ Hərb Nazirliyi 30 və daha yuxarı yaşda olan həqiqi hərbi xidmətdəki, həmçinin ehtiyatda olan bütün kişi hərbçilər üçün testosteron çatışmazlığının yoxlanılmasını nəzərdə tutan yeni məcburi analiz siyasətini təsdiqləyən klinik tövsiyələr dərc edib. Bu barədə Oxu.Az "Fox News" telekanalına istinadən xəbər verir. Bildirilir ki, eyni zamanda, idman göstəricilərinin yaxşılaşdırılması da daxil olmaqla, qeyri-tibbi məqsədlər üçün testosteronun reseptsiz istifadəsinə qoyulan qadağa ABŞ-nin bütün hərbi bölmələrində qüvvədə qalır. Tibbi tövsiyələrin dərci Pentaqon rəhbəri Pit Heqsetin iyul ayında etdiyi açıqlamadan sonrakı addım olub. O, əsgər və zabitlərin maksimum səmərəliliyə çatmaq üçün lazımi testosteron səviyyəsinə malik olduqlarına əmin olmaq məqsədilə hərbçilərin yoxlanılması proqramını sanksiyalaşdırdığını elan etmişdi. Qərara əsasən, yaşı 30 və daha çox olan kişilər testosteron üçün məcburi qan analizi verəcəklər. Daha gənc hərbçilər isə yalnız müraciət əsasında və ya həkimlər tərəfindən narahatlıq doğuran simptomlar aşkar edildikdə bu testdən keçəcəklər. Testosteron səviyyəsi aşağı olan pasiyentlər əlavə müayinələrə cəlb oluna və klinik baxımdan uyğun hesab edilərsə, onlara könüllü hormon əvəzedici terapiya təklif oluna bilər. Qadın hərbçilər də Pentaqonun diqqətindən kənarda qalmayıb. Onlar hormonal disbalansla əlaqəli ola biləcək yorğunluq və menstrual siklin pozulması hallarını müəyyən etmək üçün məcburi müayinədən keçməli olacaqlar. Nazirlikdən qeyd ediblər ki, cinsi hormonlar üzrə analizlərin verilməsi hərbçilərin sağlamlığı ilə bağlı problemləri aşkar edib həll etməklə silahlı qüvvələrin döyüş hazırlığının artırılmasına yönəlib. Öz növbəsində, bəzi endokrinoloqlar və digər tibb ekspertləri genişmiqyaslı testosteron yoxlamalarının lazımsız və ya potensial olaraq zərərli müalicələrə səbəb ola biləcəyindən narahatlıqlarını ifadə ediblər. Həmçinin, onlar hərbçilərin bu cür müayinəsinin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığını yaxşılaşdıracağına dair heç bir sübutun olmadığını vurğulayıblar.
Mənbə
oxu.az