Cəmiyyət

Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil"

02 Sep 2026, 20:18 1 baxış
Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil"
TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni əməkhaqqı mexanizmi tətbiq edilir. Sentyabrın 1-dən qüvvəyə minən yeni qaydalar tibb işçilərinin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsi və onların işə motivasiyasının artırılması baxımından mühüm addım kimi dəyərləndirilir. Xüsusilə, iş yükü çox olan və regionlarda çalışan tibb işçiləri üçün əməkhaqqı artımının əhəmiyyəti diqqət çəkir. Yeni əməkhaqqı mexanizminin tibb işçiləri üçün əhəmiyyəti, regionlarda çalışan əməkdaşlara mümkün təsirləri və işə motivasiyanın artırılmasındakı rolu ilə bağlı Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı Aynurə Əsgərova Oxu.Az-a açıqlama verib. O, tibb işçilərinin əməkhaqlarının artırılmasını müsbət qiymətləndirib və bunun həm maddi dəstək, həm də işə motivasiyanın artırılması baxımından əhəmiyyətli olduğunu bildirib: "Ümumilikdə, tibb işçilərinin əməkhaqlarının artırılmasını müsbət qiymətləndirirəm. Bu, həm maddi baxımdan dəstəkdir, həm də işə olan motivasiyanı artırır. Tibb işçilərinin əməyinin qiymətləndirilməsi bizim üçün vacibdir. Xüsusilə, iş yükü çox olan tibb işçiləri üçün bu cür stimullar çox əhəmiyyətlidir. Tibb sahəsində çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Gündəlik fəaliyyət zamanı öz işini məsuliyyətlə yerinə yetirmək, pasiyentlərə lazımi xidmət göstərmək və iş prosesində diqqətli olmaq tələb olunur. Bu baxımdan əməkhaqqının artırılması tibb işçilərinin əməyinə verilən dəyər kimi də qəbul oluna bilər". O qeyd edib ki, regionlarda çalışan tibb işçiləri üçün də bu addım əhəmiyyətlidir: "Regionlarda çalışan əməkdaşların öz fəaliyyətlərini burada davam etdirməsi və göstərilən tibbi xidmətlərin keyfiyyətli olması üçün onların əməyinin qiymətləndirilməsi vacibdir. Bu cür stimullar tibb işçilərinin işlərinə daha böyük həvəslə yanaşmasına müsbət təsir göstərə bilər. İşə olan motivasiyanın yüksək olması tibb işçisinin fəaliyyətində də özünü göstərir. İnsan gördüyü əməyin qarşılığında dəstək və qiymətləndirmə gördükdə, bu, onun işinə münasibətinə müsbət təsir edir. Ona görə də əməkhaqqı artımını yalnız maddi baxımdan deyil, eyni zamanda işçilərin motivasiyası baxımından da müsbət qiymətləndirirəm. Ümid edirəm ki, gələcəkdə də tibb işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində bu cür addımlar davam etdiriləcək. Belə yanaşma tibb işçiləri üçün əlavə stimul yaradır və onların öz fəaliyyətlərini daha həvəslə davam etdirmələrinə imkan verir".
Mənbə oxu.az

Oxşar Xəbərlər