Dünya
Rubio: "Ukraynaya "Patriot" üçün lisenziya verilməsi müzakirə mərhələsindədir"
ABŞ lisenziya versə belə, "Patriot" sistemlərinin istehsalı üçün müəssisələrin tikintisinə Ukraynaya bir neçə il lazım olacaq. Oxu.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox Radio" radiostansiyasına müsahibəsində bildirib. "Bu məsələ (Kiyevə lisenziyanın verilməsi - red.) hazırda müzakirə olunur. Amma daha əvvəl də dediyim kimi, bu, dərhal həll yolu deyil. Lisenziya olsa belə, istehsalın artırılması üçün belə zavodların tikintisinə bir neçə il vaxt lazımdır", - deyə diplomat bildirib. ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, "Patriot" "son dərəcə mürəkkəb silahdır". Buna görə də Ukraynaya mümkün lisenziyanın verilməsi ölkənin bu sistemlərin çatışmazlığı ilə bağlı qısamüddətli problemini həll etməyəcək. Müvafiq danışıqlar davam edir və gələcəkdə nəticə ilə yekunlaşa bilər. Bundan əlavə, Rubio ABŞ-nin Ukrayna ilə pilotsuz texnologiyalar sahəsində mümkün əməkdaşlıq barədə danışıqlar apardığını bildirib. "ABŞ üçün məntiqli olan bir razılaşma varsa, biz onu nəzərdən keçirir və danışıqlar aparırıq. Bütün bunlar üzərində iş gedir", - deyə o bildirib. Dövlət katibinin sözlərinə görə, ABŞ öz müdafiəsini gücləndirmək üçün daim yollar axtarır və lazımi texnologiyalara malik ölkələrlə tərəfdaşlığa hazırdır. Bununla belə, Rubio vurğulayıb ki, söhbət uzunmüddətli layihələrdən gedir. "Bunlar dərhal fəaliyyətə başlayacaq şeylər deyil", - deyə o qeyd edib.
Mənbə
oxu.az